Tələbə tamaşaları festivalı barədə düşüncələr
Xəbər verdiyimiz ki 22-25 iyun tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində “Pillə” Tələbə tamaşaları festivalı keçirildi.
Festivalda ADMİU-nun Teatr sənəti fakültəsi və “SABAH qrupları” tələbələrinin ifasında diplom və kurs tamaşaları nümayiş olundu.
Dörd gün ərzində universitetdə festival ab-havası hökm sürdü. Tezliklə məzun olacaq gənc kadrlar – tələbə aktyorlar, eləcə də teatrşünaslar qarşı-qarşıya dayanıb maraqlı bir mənzərə hasil etmişdilər. Mən də həmin prosesin seyrçisinə çevrildim.
Əvvəlcə deyim ki, çağdaş teatrın ən ümdə problemlərini sadalayarkən mütləq şəkildə təhsil, kadr hazırlığı, onun səviyyəsi, keyfiyyət və funksionallığı kimi məsələlər göz önünə gəlir. Məsələn, konkret olaraq teatrdan, orada çalışan ixtisaslı kadrlardan – rejissorlardan, aktyorlardan danışıldıqda xüsusən yeni nəsil nümayəndələrində istedad və bilgi azlığını qabartmağa çalışırlar. Təbii ki, bunun obyektiv səbəbi də var və təəssüf ki, bunu içi elə incəsənət təhsili verən müəssisənin pedaqoqları başda olmaqla hamı dərk edir. Heç kimə sirr deyil ki, bu gün bəzi abituriyentlər test imtahanları nəticəsinə görə əsas seçimlərindən sonra ixtisaslar sırasına Mədəniyyət və İncəsənət Universitetindən də müəyyən ixtisasları yazırlar (“balım çatmasa, buna da şükür” prinsipi ilə) və həvəssiz-həvəssiz düz dörd il özlərinə də, onlarla üz-üzə dayanan müəllimlərinə də əzab verirlər. Düzdür, onların içərisində sonradan qəbul olduqları ixtisasa bağlanan, onun önəmini, perspektivliyini anlayanlar da olur...
Nə isə, keçək mətləbə. Tələbələr kimi müəllimlər də sevincli və həyəcanlı idilər. ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə və kafedranın müəllimi, tələbə festivalının əsas yükünü çəkən Elçin Cəfərov.
Ümumilikdə beş müəllim, eləcə də tələbə aktyor və teatrşünasların müzakirəsi təxminən bu formatda oldu: danış, səni görüm.
Beləcə, “Gənc ekspertlər qrupunun müzakirəsi”ndən qalanlar.
Müzakirə olunan tamaşa: Elçin – “Mənim sevimli dəlim” (Teatr sənəti fakültəsi, 2-ci kurs, kurs rəhbəri Yaqut Paşayeva).
Məryəm Əlizadə: – Teatrşünaslar, aktiv olun. Dünən artıq siz təcrübə dolu gün keçirdiniz. İndi görək bu təcrübə sizin çıxışlarınıza sirayət edəcəkmi?
Səbuhi Ağayev, teatrşünaslıq, IV kurs: – Tamaşa müəllifini təbrik edirəm. Maraqlı tamaşa idi. Amma mənə çatmayan bir sıra məqamlar var idi. Burada ən çox səs-küy məni narahat etdi. Bu üzdən tamaşanı tuta bilmədim. Aktyor oyunu maraqlı idi. Professor obrazı maraqlı idi, ancaq emosiyada durğunluq müşahidə olunurdu. Elə bil dəftərdən əzbərləyib danışırlar...
Aydın Talıbzadə: – Uşaqlar, sual-cavabın, dialoqun olması daha yaxşı olar. Bir-birinizdən, bizdən də istədiyinizi soruşa bilərsiniz. Bir teatrşünas, tələbə kimi bu obraz, bu mizan sənə necə təsir etdi? Yaxud, əks rəyiniz varmı?
Məhz bu məqamda yerlərdən gah öz aralarında, gah da onların qarşısında dayanan tələbə teatrşünasa haqlı-haqsız iradlar, etirazlar (təbii ki, tələbə aktyorlardan) gəlir. Tələbə teatrşünas Səbuhi bir az da cəsarətlənərək arqumentlərini daha uca səslə çatdırmağa başlayır: – Ortada müəyyən bir məntiq yolu tutulsaydı və tamaşaçılar məqsədi duya bilsəydi, o səs-küy normal qəbul olunardı. Amma mən və digər uşaqlar da baxırıq və müəyyən bir məna tuta bilmirik.
Aydın Talıbzadə: – Səbuhinin dediyində bir həqiqət var. Dəliliyi oynamaq mümkün deyil, onun məntiqini oynamaq lazımdır. Dəliliyin məntiqini oynasaydınız, hər şey yerinə düşəcəkdi. Siz isə dəliliyi oynamaq istəyirdiz. Bu isə alınmırdı. Buyur, davam elə.
Səbuhi Ağayev: – Sualları varsa, versinlər.
Qönçə Firudinli, teatrşünaslıq, IV kurs: – Yaqut xanım, üzr istəyirəm, əsəri oxumamışam. Tamaşaya baxanda aşırı səs var idi. Adamı yorur, hətta sonlara yaxın düşündüm ki, bir də o fit səsi gəlsə, durub çıxacam. Düzdü, dəlixanada bu çığır-bağır normaldır. Lakin qarışıqlıq var idi. Zaman və mühit qarmaqarışıqlığı ola bilər, amma burada məqsədi anlamaq olmurdu. Ola bilər, pyesdə də bu var, amma oyun bu qarmaqarışıqlığı daha da qabartdı...
Məryəm Əlizadə: – Bir söz deyəcəm, inciməyin, biz birinci kursda oxuyanda müəllimlərimiz deyirdilər ki, tamaşaya baxmağa gedəndə mütləq əsəri oxuyun. Oxuduqdan sonra rejissorun o əsər üzərində hansı əməliyyat apardığını dəqiq müəyyən edə biləsiniz. Oxumamısızsa, bu, sizin səhvinizdir.
Haqlı və olduqca yumşaq səslənən iraddan sonra səsi titrəyən tələbə teatrşünasın cəsarəti qırılır və davam eləmədən yerinə keçir. Hətta tamaşanı niyə bəyənmədiyini də bir cümlədə əsaslandıra bilmir.
Biz növbəti gənci dinləyirik.
Fatimə Qurbanzadə, teatrşünaslıq, II kurs: – Kollektivi təbrik edirəm, əziyyət çəkiblər, tamaşa hazırlayıblar. Ümumən tamaşanın içərisində xaos var idi. Rejissorun dəli qəhrəmanları zamanın ritmini tuta bilmədikləri kimi, tamaşanın da ritmini tuta bilmədilər. Aktyorlar sanki sıxılmışdılar, sərbəstlik, obrazlar arasında sinxronluq da yox idi.
Bu məqamda tələbələr arasında “Şeytana papış tikmək” frazası (“papuc”, “papıç” kimi versiyaların üzərində sürətli mübahisə etdilər, hətta müəllimlər də prosesə qoşuldu və nəhayət, qərar gəldilər ki, “papış”) üzərində müzakirə bitdi.
Suray Ömərova, teatrşünaslıq, IV kurs: – Tamaşada temporitm var idi. Uşaqlar enerjili idi. Monotonluq gözə dəymirdi. Amma iki nəfərin aktyor ifası daha öndə görünürdü. Düzdü, bəzən qırılmalar olurdu. Bəllidir ki, rejissor əsəri tam yox, müəyyən ifadələri vermək istəyir və bu qırılmalar da ondan irəli gəlirdi.
Aydın Talıbzadə: – Tamaşanın qayəsi nə idi? Niyə məhz bu əsər seçilmişdi? Bunlar dərsdə danışılıb axı. Məncə, daha mükəmməl, ətraflı təhlillər edə bilərsiniz.
Bu və əlavə istiqamətləndirmələr, cəsarətləndirici ştrixlər gənc teatrşünasları, az da olsa, həvəsləndirdi və müzakirəyə qoşulanlar müəllimlərinin də izahı ilə bir az da aydınlanmış oldular.
Aynur Əsgərli, teatrşünaslıq, II kurs: – Əsərdə olan satirik yanaşma və sarkazmı tamaşada görmədik. Tamaşada Professor obrazı qroteskə uyğun olaraq yox, sadəcə, komik oyunla təqdim edilirdi. Hərçənd onun missiyası, təyinatı o deyildi. Dəlilikdən şirma kimi istifadə olunmuşdu. Əsərdən fərqli olaraq tamaşada bunu elə də hiss etmirik. Obrazlar özlərini dəlixanada olan əsl dəli kimi göstərməyə çalışırdılar. Absurd elementlər də yerində deyildi. Obrazlarda həyəcanı hiss etmədik. Əvəzində gərginlik var idi və obrazlar eyni ifadə ilə oynanılırdı.
Tələbə aktyorlar da öz arqumentlərini səsləndirməyə, bəraətə can atdılar, oyuna əsaslandıqlarını deməyə çalışdılar. Maraqlıdır ki, tələbələr indidən tənqidə dözümsüzlük sərgilədilər. Bu da o deməkdir ki, hər iki qütb əsaslandırılmış düşüncədən çox, ilkin təəssürata maraqlıdırlar.
Bu məqamda müəllim Elçin Cəfərov tələbələri sakitləşdirmək üçün söhbətə müdaxilə edir: – Dostlar, Aynur deyir ki, Elçinin qəhrəmanları dəlidən şirma kimi istifadə edirlər, sizin yaratdığınız qəhrəmanlar isə, sadəcə, “zır” dəlidirlər.
Araya çökən ani sükutu əsl teatrşünas ədası ilə düz mərkəzə keçib ətrafı süzdürən gənc qız etdi. Salamlama təbrikdən sonra təhlilinə başladı.
Səbinə Zeynalova, III kurs, teatrşünaslıq: – Komediya janrının bütün xüsusiyyətlərini bu tamaşada gördüm. Elşad Şirinovun (Professor) səhnə plastikasında aydınlıq var idi. Digər rollar da maraqlı idi. Səs tembri, danışıq aparatı yerində idi. Sadəcə, bir az tələskənlik müşahidə olunurdu. Müəyyən səslər bir az çox idi. Tamaşa bizi dəlilik dünyasına apara bildi. Dəli rolunu oynamaq heç də asan deyil. Bir qədər də məntiqi ardıcıllıq hiss edilmədi.
Tamaşa haqqında son fikirləri Aydın müəllim, Məryəm xanım və tələbələrinə daha ümidverici yanaşan Elçin Cəfərov səsləndirdi. Daha doğrusu, gənclərin, tələbələrinin (bəziləri artıq məzun olur) fikirlərinə əlavələr, təhlillərinə istiqamətlər verdilər.
***
Daha sonra digər tamaşa – Molyerin “Jorj Danden” (Teatr sənəti fakültəsi, II kurs, rus bölməsi, kurs rəhbəri Ruslan İsmayılov) ətrafında maraqlı, dolğun və geniş müzakirə aparıldı. Budəfəki müzakirədə müəllimlər də maraqlı, hər iki qrup tələbələr üçün vacib detallar ətrafında fikirlər səsləndirdilər.
Təbii ki, müsbət rəylərlə yanaşı, tələbələrə görə mənfi hesab olunan, lakin əsaslandırılmış iradlar da ön planda oldu. Nəticə olaraq rus dili üzrə oxuyan aktyorların bu dilin incəlikləri üzərində elə də ciddi dayanmadıqları aşkara çıxdı. Bunda görə də rus bölməsində oxuyanların nitqindəki nəzərəçarpacaq qüsurlar, bu dildə səlis danışıq ətrafında da geniş danışıldı.
Fasilədə Elçin Cəfərovu da söhbətə çəkdim: “Bildiyiniz kimi, gələn il universitetimizin 100 illik yubileyidir. “Pillə” festivalı da o çərçivədə keçirildi. Bir sıra tədbirlər nəzərdə tutmuşuq və bu festivalın da davamlı olmasını düşünürük. Adı da simvolikdir. Çünki bunlar əsasən kurs və diplom işi tamaşalarıdır. Bu, tələbələr üçün geniş yaradıcılıq yoluna gedilən ilk pillədir. Sonradan bu yolu davam etdirib-etməyəcəklərini, təbii ki, zaman göstərəcək. Festival üçün tamaşalar çox idi və onların arasından proqramda gördüklərinizi seçdik. Festival həmişə bayram, fikir ifadə meydanı, müzakirə, fikir mübadiləsi məkanıdır. Bu mənada festivalın əhəmiyyəti böyükdür”.
***
Festival proqramına daxil olan daha bir nümunəni (Nəcəf bəy Vəzirov – “Daldan atılan daş topuğa dəyər”, Teatr sənəti fakültəsi, III kurs, kurs rəhbəri Gülşad Baxşıyeva) də izlədim və düşünürəm ki, onun ətrafında ayrıca söhbət etmək olar...
Həmidə Nizamiqızı