Milli Kitabxanada “Biz Vətən üçün doğulduq” kitabının təqdimatı

İyulun 5-də Milli Kitabxanada Əməkdar jurnalist Əminə Yusifqızının “Biz Vətən üçün doğulduq” kitabının təqdimatı olub.

Mədəniyyət Nazirliyi, Mətbuat Şurası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təqdimatı keçirilən kitab İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş 65 yevlaxlı döyüşçü haqqındadır.

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq bildirib ki, illərlə gözlədiyimiz Zəfəri bizə bəxş edən 44 günlük müharibənin qəhrəmanları heç vaxt unudulmayacaq,

Azərbaycan xalqı ölümün gözünə dik baxan övladlarının xatirəsini qəlbində əbədi yaşadacaq.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov nəşrin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, söz adamlarının, yazıçı və şairlərin ən əsas vəzifəsi öz qanları ilə torpağı Vətənə çevirən qəhrəmanları, şəhidlərlə bağlı xatirələri əbədiləşdirərək onları gələcək nəsillərə ötürməkdir.

Kitabın redaktoru – Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, BDU-nun professoru Adilə Abbasova, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, yazıçı, ədəbiyyatşünas, professor Zahid Xəlil və digər çıxış edənlər Azərbaycan xalqının şərəf tarixinin qəhrəmanlarını tanıdan bu cür nəşrlərin ərsəyə gəlməsinin əhəmiyyətini vurğulayıblar.