Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 7-9 iyul tarixlərində Şəkidə keçirilən musiqi bayramı – 11-ci “İpək Yolu” festivalı başa çatıb.

İyulun 9-da festivalın son günü əvvəlcə “Marxal” turizm kompleksinin “Yay teatrı”nda Şəkinin “Zirvə” instrumental ansamblının konserti olub.

Konsertin əvvəlində kollektiv haqqında məlumat verilib. Qeyd olunub ki, 1972-ci ildə Şəki şəhərindəki M.F.Axundzadə adına Mədəniyyət evinin nəzdində yaradılmış ansambl respublikanın şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarında konsertlər verib. “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşme şəhərində (Uşak vilayəti) beynəlxalq festivalda ölkəmizi təmsil edib. Hazırda ansambla Eldar Rəcəbov rəhbərlik edir.

Konsert proqramı görkəmli bəstəkar Emin Sabitoğlunun kinofilmlərə yazdığı musiqilər əsasında hazırlanan kompozisiya ilə başlayıb. Solistləri Seymur Qasımzadə, Səbuhi Hüseynov, Namiq Aslanov, Nuri Kərimli, Sərxan Hüseynli və digər ifaçıların təqdim etdikləri Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarından ibarət musiqi çələngi, eləcə də Şəki şəhər Uşaq incəsənət məktəbinin rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.

Festivalın bağlanış mərasimində isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox səhnələrində çıxış edib, beynəlxalq festivalların iştirakçısı olub. 2018-ci ildən Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər İnarə Babayeva (soprano), Ramil Qasımov (tenor) və beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, 11-ci “İpək Yolu” festivalının keçirilməsində əməyi olan bütün qurumlara, o cümlədən Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərlərinə minnətdarlığını bildirib.

Sonda Kamera Orkestrinin bədii rəhbəri Fəxrəddin Kərimova şəhər İcra Hakimiyyəti adından festivalın rəmzi xatirə hədiyyəsi təqdim olunub.