Ötən sayda söz verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilən “Pillə” festivalında Teatr sənəti fakültəsinin dram və kino aktyoru ixtisası üzrə III kurs tələbələrinin təqdim etdikləri nümunəyə bir qədər ətraflı nəzər salacağıq.
Bu gün peşəkar teatr və kino sənətində tanınan bir çox aktyorların müəllimi, Əməkdar artist, professor Gülşad Baxşıyevanın kursunun (assistent – Novruz Şahverdiyev, səhnə danışığı – Əməkdar artist, dosent Mahirə Yaqubova) təqdim etdiyi tamaşa Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komediyası idi.
Tamaşada rolları Murad Əliyev (Əbdürrəhman bəy), Nərminə Şahmarova (Xırdaxanım), Ləman Hüseyn (Səkinə), Elməddin Zakirli (Dərviş), Vüqar İsmayılov (İskəndər bəy), Cavad Məmmədov (Dəli Şirin), Nazlı İsakova (Nurcahan), Nihad Hacıyev (Əbdürrəhim) və Fatimə Qasımova (Pəri) ifa edirdilər.
Əvvəla onu deyim ki, Nəcəf bəy Vəzirovun cadugərliyə, avamlığa, savadsızlıq və geriliyə qarşı mübarizəsinin əzəmət nümayişi olan əsər kompüter, peyk əsri olan günümüzdə də nə qədər aktual olduğunu bir da isbat etdi.
Dramaturji materiala o qədər də toxunmayan, müəllifin önə sürdüyü problemi qabarıq şəkildə, daha çox sarkazmla təqdim edən ifaçılar əsərdəki yeniliklə köhnəlik, cahilliklə intellektuallıq arasında mübarizənin maraqlı bir formada ifadəsinə çalışırdılar.
Komediyada hadisələr Xırdaxanım və əri Əbdürrəhman bəyin arasında baş verən konfliktlə başlayır. Xırdaxanım ah-nalə çəkərək deyir ki, qızları Səkinənin yaşıdları – Püstə xanımın, Nurcahan xanımın, Səfdərqulu bəyin övladları ərə gedib, amma bu, əri Əbdürrəhman bəyin heç vecinə deyil və o, qızının taleyini düşünmür, ancaq qumar oynayır, ailəsinə qarşı diqqətsizdir. Əbdürrəhman bəy isə arvadını başa salmağa çalışır ki, “qız alma qarpız deyil ki, tökəsən bazara”, haray çəkib müştəri səsləyəsən.
Təbii ki, inadkar Xırdaxanım onunla razılaşmır və özünün tədbir tökəcəyini deyir. Ərinin sonda “camaatın dilinə-ağzına düşərik” xəbərdarlığına da məhəl qoymur. Ərinə şəhərə İskəndər bəy adında ağıllı, göyçək həkimin gəldiyini və onunla Səkinə xanımı evləndirməyin vacib olduğunu deyir. Arvadının təklifindən dəliyə dönən Əbdürrəhman bəy “Mən gеdim ona nə dеyim? Dеyim ki, gəl, mənim qızımı al?” deyib onu bu sevdadan vaz keçməyə çağırır.
Ər-arvadın davasından sonra Xırdaxanımın nökər Əbdürrəhimi Nurcahan arvadın və İrandan gələn Dərvişin arxasınca göndərir. Min bir fırıldağı olub, hər ocaqda bir dəfə od olan Nurcahan və hoqqabazlığı ucbatından diyar-diyar gəzən Dərviş Xırdaxanımı inandırmağa çalışırlar ki, bu iş baş tutacaq və qızı həkim İskəndər bəylə evlənəcək.
Bütün mərəkə də bundan sonra başlayır. Ağlına gələni heybəsinə alıb ortalığa daş kimi düşən Dərviş əllaməçiliyə başlayır. Rəngli saplar, sehrli su, qıfıl, çil toyuq yumurtası, qurbağa dərisi ... oyununu atır ortalığa. Xırdaxanımı soyub soğana çevirənədək talayıb aradan çıxır. Nurcahan arvad da yol alır üfürülmüş suyu həkim İskəndərə içirməyə. Həlləm-qəlləmlik edib buna da nail olur.
Dəli Şirinin Nurcahanla çəkişməsi, nökər Əbdürrəhimin əliəyri, gördüyünü çırpışdıran Nurcahanla dava-dalaşı, qulluqçu Pərinin xanımlarının rüsvay olacağı barədə narahatlığı və həkim İskəndərin Nurcahanın kələkbazlığına acı gülüşü səhnə işində aktyor-tələbələrin tədris müddətində mənimsədikləri peşə vərdişlərini sərbəst və yerində ifadə də bildiklərini göstərirdi.
Tamaşada Nəcəf bəy Vəzirov XIX əsrin sonlarında təsvir etdiyi hadisələrin – o dövr cəmiyyətdə geniş yayılan cadugərliyin müasir zamana, günümüzdəki fal sevdasına bağlanması və bu sayədə oyunu çağdaş proseslərlə səsləşməsi də gənclərin oyununun daha təsirli və komik alınmasına imkan verirdi.
Biz gənc ifaçıların sayəsində az qala hər gün rastlaşdığımız fırıldaqçı falçıları, sözgəzdirən qarıları, dəli yerinə qoyulan ağıllı adamları, qadın kələkbazlığında üsyan edən kişiləri, xurafat ilə mübarizədən yorğun düşən təhsilli adamların yanğısını görürük.
Tamaşa boyu diqqətimi cəlb edən əsas məqam aktyor-tələbələrin sərbəstliyi, oyunlarına hakimliyi və dramaturji materialın təyinat və xarakterinə bələdçilikləri idi. Maraqlı başqa bir nüans isə gənclərin indidən tərəf-müqabili, tamaşanın ritmi və tamaşaçı ilə ünsiyyətdə səddi gözləmələri idi. Düşünürəm ki, məhz bu keyfiyyətlər onların gələcək səhnə yollarında ən vacib və təsirli silahları olacaq...
Həmidə Nizamiqızı