15 yaşlı rəssam: “Yaradıcılıqda azadlığı sevirəm. Hər rəngdə azadlıq mənim üçün əsasdır...”

 

Bu günlərdə Azərbaycan Milli İncəsənət Muzeyində “Dürri-yekta” adlı rəsm sərgisi açılmışdı. Sərgi “KamArt” İncəsənət Qalereyasının üzvü, gənc rəssam Banu Dəvəlinin altıillik yaradıcılıq axtarışlarını əks etdirirdi. Onun ümumilikdə 60 əsəri tamaşaçıların ixtiyarına verilmişdi. Sərgidə eyni zamanda rəssamın yaradıcılığını əks etdirən kataloq da təqdim olunmuşdu.

Sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev gənc rəssamın sənət duyumunu belə səciyyələndirir: “Banunun çoxsaylı mənzərələrində bədii şərhin tez-tez dəyişməsi onun həmin məkanlarda qərarlaşan gözəllikləri başqaları üçün də duyulan etmək istəyindən qaynaqlanır. Rəssamın rəsmlərində müşahidə olunan kompozisiya müxtəlifliyi, rənglərlə ovqat yaratmaq bacarığı və fərdi icra mədəniyyəti onun gələcəyinə tamaşaçıda böyük ümidlər yaradır”.

Banu Dəvəlinin 6 ildir rəssamlıqla məşğul olduğu “KamArt” İncəsənət Qalereyasının direktoru Kəmalə Cəfərzadə də şagirdi haqqında yüksək fikirdədir. O deyir: “Banunun yaradıcılığı xüsusi zövq mənbəyidir. Kiçik yaşlarından plenerdə işləməyi bir əyləncə deyil, özünün sevimli məşğuliyyəti hesab edirdi...”.

Sənətdə uğur qazanan hər bir rəssam istedadı ilə yanaşı, orijinal duyumu, özünəməxsus dünyagörüşü ilə də seçilir. Gənc Banunun əsərlərinə diqqət edəndə görürük ki, o, yaradıcılığını üslub çərçivələri və ya istiqamətlərlə məhdudlaşdırmır. Rəssam işlədiyi əsərlərdə rəng duyumu, kolorit zənginliyini ahəngdar və ustalıqla nümayiş etdirə bilir. Özünün də dediyi kimi, onun üçün gördüklərindən duyğulanmaq yeni bir əsərin ərsəyə gəlməsi deməkdir.

Sərgidən aldığımız xoş duyğular ab-havasında gənc rəssamla həmsöhbət olduq.

Öncə qeyd edək ki, Banu gənc olmasına baxmayaraq Fransada, BƏƏ-də, Sinqapurda, İngiltərədə azərbaycanlı rəssamlarla birgə sərgilərdə öz işlərini nümayiş etdirib. Bundan əlavə, o, dəfələrlə respublika və beynəlxalq uşaq rəsm müsabiqələrinin iştirakçısı və qalibi olub...

 

– 15 yaşın var və ilk fərdi sərgin keçirilir. Bu, necə duyğudur?

– Altı ildir rəssamlıqla məşğulam. Əslində, düşünmürdüm ki, belə ciddi davam edəcəyəm...

 

– Bəs rəssamlığa marağın necə yaranıb?

–  Atam Vahab Dəvəli heykəltəraşlıq sahəsində çalışır. İrsən gələn bir istedaddır deyərdim. İncəsənət adamları ilə daimi görüşdüyüm üçün bu sahəyə böyük marağım var.

 

– Sərginin adı maraq doğurur: “Dürri-yekta”...

– “Dürri-yekta” mənim adımdan qaynaqlanır. Banu deyiləndə ilk anlam, bilirsiniz ki, Xurşidbanu Natəvan olur. Onu isə Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün sarayda “Dürri-yekta” (tək inci) çağırardılar. Tarixin yaddaşından gələn bu ad mənə təsirsiz ötüşmür...

 

– Yəni necə təsir edir?

– Rəsmlərimdə daha çox qadın obrazlarını önə çəkirəm.

 

– Sərgidə 60 əsər nümayiş olunur. Bu əsərlər hansı müddətə ərsəyə gəlib?

– 9 yaşımdan indiyədək çəkdiyim rəsmlərdir. Sərgidəki əsərlərin bəzisi yağlı boya, bəzisi qrafikanı əhatə edir. Bir ilə, 4 saata bəzən də 3 günə ərsəyə gətirdiyim işlər var.

 

– Bildiyim qədər, musiqi ilə də məşğul olursan.

– Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta ixtisas musiqi məktəb-studiyasında fortepiano üzrə 9-cu sinifdə təhsil alıram. Musiqi və rəssamlıq bir-birini tamamlayır.

 

– Rəsm çəkərkən ən çox hansı musiqiləri dinləyirsən?

– Yaradıcılıq prosesində çox zaman Bethovenin “Aylı sonata”sını dinləyirəm. Bundan əlavə, Şopenin “Nocturne en do dièse mineur”u mənimlə olur. Bu əsəri dinlədiyim zaman daha çox ilhamlanıram.

 

– Bəs ən çox istifadə etdiyin rənglər hansıdır?

– Çoxrənglilik. Ağ-qara rəsmlər, tünd rənglər mənim sevdiyim hal deyil. Əlvan rənglər, rəngləri qarışdırmaq isə əsl mənim əhvalımdır.  Boyalardan qorxmuram. İstədiyim kimi çəkməyi xoşlayıram. Həm öyrənirəm, həm də sınayıram. Bir sözlə, yaşım artdıqca kətanlarımın ölçüsü də böyüyür və bu fərqliliyi həm də rənglərdə hiss edirəm.

 

– Hansı janrda daha çox işləyirsən?

– Qadın obrazları yaratmağı sevirəm. Yəqin ki, bu da mənim adımın xarakteristikasından irəli gəlir. “Dəfilə”, “Bəzək əşyaları”, “Afrika gözəli”, “Safari”, “Qar qız”, “Nargilə”, “Təbiətin nemətləri” bu silsilədəndir. Triptix də mənim üçün əsasdır. Bizim nəsil Şah İsmayıl Xətainin şəcərəsindən olan Dəvəli qolundan gəldiyi üçün ötən il çəkdiyim “Karvandan ayrılanlar” triptixi də soyadıma həsr etdim.

 

– Azərbaycan rəssamlarından baxıb öyrəndiklərin varmı?

– Mən onların ideyaları üzərində yeni üslubları kəşf etməyə üstünlük verirəm, nəinki dahi rəssamlarımızı təkrarlamağa. Daha doğrusu, öz yanaşmamı göstərmək istəyirəm.

 

– Sənət marağın səni haralara aparıb?

– Dünya incəsənətinə böyük marağım var. Bu səbəbdən də İsveçrə, ABŞ, Fransa, İtaliya, Türkiyə və Rusiyanın bir çox məşhur muzeylərini ziyarət etmişəm. Daha çox bəyəndiyim Luvr Muzeyidir. Nyu-Yorkun muzeylərində də olmuşam. Səyahətlər zamanı etüdlər edir, mənzərələr çəkirəm.

 

– Gənc rəssam olaraq sənətdə sənin üçün əsas nədir?

– Yaradıcılıqda azadlığı sevirəm. Mən rəsmlərimdə öz təsəvvür, fikir və düşüncələrimi ifadə edirəm. Verdiyim hər qərarda və seçdiyim rəngdə azadlıq mənim üçün əsasdır.

 

– Yəqin əsərlərinin mövzu müxtəlifliyi də bununla bağlıdır...

– Natürmort, mənzərə, portret, animalistika və s. janrlarda işləyirəm. Ən çox portreti sevirəm. Etiraf edim ki, azadlığı sevdiyim üçün natürmorta marağım o qədər də çox deyil. Bir sözlə, çərçivələri sevmirəm. Daha çox fərqli üslubları xoşlayıram. Mən son rəsmlərimdən birinə öz palitramı yapışdırmışdım. Hansı ki, həmin palitranı elə 6 ildir istifadə edirdim. O rəsmdə mən “fovizm” (XX əsrin əvəllərində Fransa boyakarlığında yaranmış avanqard cərəyan – red.) üslubundan istifadə etmişdim. Rəssamlara deyil, üslublara daha çox diqqət edirəm. “Art nouveau” üslubunda da işləməyi sevirəm. Bu üslub ilk dəfə İngiltərədə yaranıb və modern üslub kimi tərcümə edilir, daha çox arxitekturada istifadə olunur.

 

– Gələcəkdə də ixtisas və peşə olaraq rəssamlığı seçmək fikrin varmı?

– Bəli, sırf rəssamlıqla məşğul olmağa qərar vermişəm.

 

– Hazırda hansı mövzular üzərində işləyirsən?

– Bu il Xurşidbanu Natəvanın 190 illik yubileyi qeyd olunduğu üçün ona bir əsər həsr etmək istəyirəm.

 

– Sənə yeni yaradıcılıq uğurları arzulayıram.

– Sağ olun.

L.Azəri