Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində Birinci Qarabağ müharibəsi şəhidi Elman Abbasovun xatirəsinə həsr olunan “Vətən mənə oğul dedi...” adlı tədbir keçirilib. Tədbirdə muzeyin Şəhidlər qalereyasında Birinci Qarabağ müharibəsinin sumqayıtlı şəhid və qazilərinin şəxsi əşyalarından ibarət sərgi nümayiş olunub.

RMİ-nin Qubadlı rayon nümayəndəliyində I Qarabağ müharibəsi şəhidi Əbülfəz Mehdiyevin anım günü keçirilib. Tədbirdə V.Əliyev adına rayon Mədəniyyət evi, Mahmudlu kənd Mədəniyyət evi, eləcə də şəhid Ə.Mehdiyevin adını daşıdığı Qubadlı şəhər Uşaq musiqi məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya, şeirlər, muğam parçaları təqdim edilib.

***

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsinin şəhid mayoru Rəhim Hüseynovun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Zərdab rayon Mərkəzi Kitabxanasında isə şəhid mayorun doğum günü ilə əlaqədar “Vətənin vüqarlı oğlu” adlı tədbir keçirilib.

***

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova “Şəhid ruhunun səsi” filminin yaradıcı heyəti ilə görüş keçirib. Film Vətən müharibəsi şəhidi Samir Ələkbərlinin həyat və döyüş yolundan bəhs edir. Ekran işinin yaxın günlərdə regional idarənin əhatə etdiyi Bərdə, Tərtər rayonlarında, Mingəçevir və Yevlax şəhərlərində təqdimatının keçirilməsi nəzərdə tutulub. Filmin ssenari müəllifi Şöhrət Eyvazov, musiqi bəstəkarı Sevinc Tofiqqızı, quruluşçu operatoru Zahir Əsədovdur.

***

Lerik rayonunun Amburdərə kəndində 44 günlük Vətən müharibəsi şəhidi Babazeynal Babazadənin doğum günündə xatirəsi anılıb. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Lənkəran RMİ-nin Lerik rayonu üzrə baş məsləhətçisi Müqəddəs Dənziyev, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

***

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr olunmuş “44 gün – tarixi Zəfər” adlı üçcildliyin birinci cildinin (“A-Ə” hərfləri üzrə) təqdimatı keçirilib. Mərasimdə Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, teatrşünas, publisist Anar Burcəliyev və Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri, nəşrin baş redaktoru Nəzakət Məmmədli çıxış ediblər. Bildirilib ki, kitabın birinci cildində 2020-ci ilin Vətən müharibəsində, eləcə də Aprel (2016) və Tovuz (2020-ci il, iyul) döyüşlərində həlak olanlar – ümumilikdə min nəfərə yaxın soydaşımız haqqında ensiklopedik məlumat yer alıb. 

Goranboy rayon Mərkəzi Kitabxanası Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar “Tarix yazan igidlər” başlıqlı kitab sərgisi təşkil edib.

***

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri Telman Əzimov tərəfindən Vətən müharibəsi şəhidləri Süleyman Qarayev və Fərid Hüseynovun ailələri ziyarət olunub.

Həmçinin təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsinə uyğun olaraq, uzun müddət Sabirabad rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrının üzvü olmuş Güldərən Azayevaya da baş çəkilib.

Nurəddin Məmmədli