Mədəniyyət Nazirliyində ABŞ səfiri ilə görüş

Örl Litzenberqer ölkəmizdə diplomatik fəaliyyətini başa vurur

 

Mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqeri diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan Respublikası və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı həyata keçirilən layihə və tədbirlərdən söhbət açılıb.

Bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin və mədəniyyət tədbirlərinin əhəmiyyətini qeyd edən Anar Kərimov bildirib ki, səfərin nəticələri mədəniyyət sahəsində birgə əməkdaşlığa əlavə töhfələr verəcək.

Səfirliyin ölkəmizdə tarixi-mədəniyyət abidələrinin bərpasına göstərdiyi dəstəyi xüsusi vurğulayan nazir bu münasibətlərin davamlı olacağına inamını ifadə edib.

Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edən Anar Kərimov ölkəmizin bu kampaniya çərçivəsində də ABŞ-la əməkdaşlıq etmək istəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Örl Litzenberqer Azərbaycanda işlədiyi dövrdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Nazir səfirə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Anar Kərimov amerikalı diplomata Şuşa haqqında kitab hədiyyə edib.