Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə əlaqədar təsdiq edilmiş iş planına uyğun olaraq Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin (Şəki şəhəri, Zaqatala və Qax rayonları) işçiləri, həmçinin idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər vəzifəli şəxsləri üçün korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması və etik davranış qaydalarına əməl edilməsi mövzularında təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin İnsan kapitalının idarə edilməsi və Hüquq şöbələrinin əməkdaşları tərəfindən təşkil edilmiş təlimdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, əmək fəaliyyətində etik davranış qaydalarına əməl olunmasının zəruriliyi və bu tələblərin pozulmasının hüquqi nəticələri barədə ətraflı məlumat verilib.

Eyni zamanda regional idarənin tabeliyində olan müəssisələrin mütəxəssislərinin də iştirakı ilə vətəndaş müraciətlərinə baxılması, kadr işinin təşkili və bununla əlaqədar kargüzarlığın təşkili mövzusunda interaktiv təlim keçirilib. Nazirliyin əməkdaşları tərəfindən əmək qanunvericiliyi, dövlət orqanlarında kargüzarlığın aparılması istiqamətində izahlar verilib suallar cavablandırılıb.

Üç gün davam edən təlimlərdə ümumilikdə idarənin və tabe müəssisələrin 97 əməkdaşı iştirak edib.