Avanqard rəssam Ucal Haqverdiyev ötən əsrin 80-ci illərində rəngkarlıq sənətində öz dəst-xətti ilə tanınmağa başlayıb. Gənc yaşlarından Rasim Babayev, Sənan Qurbanov və Kamal Əhməd kimi rəssamlarla apardığı müzakirələr onun sənət axtarışlarının təməli idi...
Rəssam-illüstrator Ucal Haqverdiyev 9 iyun 1960-cı il Bakıda görkəmli rəssam Həsən Haqverdiyevin ailəsində anadan olmuşdu. 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxumuş, sonra Tallində İncəsənət İnstitutuna daxil olsa da, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsində ali təhsilini tamamlamışdı. Ucal rəssamlığa sanki din səviyyəsində etiqad edərdi. Yaradıcılığının mühüm xarakterik cəhətləri bunlardır: kulturoloji detallar; Antik Yunan və Roma sənəti; “İncil” hekayətləri; bizans freskaları; rus ikona sənəti; fransız impressionizmi; ekspressionizm.
Rəssamın müəllifi olduğu portretlərdən bəhs etsək, deməliyik ki, onun üçün ənənəvi obraz həyat yoldaşı Yelena Haqverdiyevadır. Bəzi portretlərində İtaliya İntibahı ənənələrindən – Sandro Botticelli, Leonardo da Vinçi, Rafael sənətinin dekorativlik və monumentallıq cəhətlərindən ilhamlandığı özünü göstərir. “Anamın portreti”, “Butunayın portreti”, “Nemanın portreti”, “Bəxtiyarın portreti”, “Aytənin portreti” və digərləri buna nümunədir. Dərin düşüncələr aləminə qərq olan bu insanlar çox zaman lirika və hüzurla doludur.
Ucal Haqverdiyevin yaradıcılığında önəmli mərhələ din mövzusudur. “Xeyir-dua”, “Müqəddəs Varfolomey”, “Münəccimlərin səcdə qılması”, “Kilsə həyətində”, “Çarmıxa çəkilmə”, “Adəm və Həvva”, “Madonna körpəsi ilə”, “İudanın öpüşü”, “Müqəddəs İeronim”, “Cənnətdən qovulma” və s. əsərləri “İncil” hekayətlərindəki obraz və motivlərin rəssam təxəyyüllündə əksidir.
O, hələ uşaq yaşlarında istedadını “Azərbaycan təbiəti” jurnalında dərc olunan illüstrasiyalarla sübuta yetirmişdi. 90-cı illərdə “Dünya xalqlarının nağılları” silsiləsindən 6 kitaba illüstrasiyalar çəkmişdi. Bu əsərlərdə sanki kiçik nağıl-tamaşanı seyr edirsən. “Qara qoyun” (Şotlandiya), “Maralın sehri” (Meksika), “Leon mirvarisi” (Kanada) kimi nağıllara çəkdiyi illüstrasiyalarda fərqlilik nəzərə çarpır.
Ümumiyyətlə, dünya ədəbiyyatı, poeziya dünyası rəssam üçün əhəmiyyətlidir. O, yaşadığı dünyaya daima gözəllik və harmoniya prizmasından baxıb. Bu emosional duyğularını şeirlərində də əks etdirmişdi.
Amma mən sizin üçün Səmanı çəkəcəyəm,
Və o gözəl rəqsini güllərin, yarpaqların,
Ulduzların odunu sönməyə qoymayacam,
Həqiqət nuru olsun qoy bütün nağılların.
Ucal Haqverdiyevin çoxşaxəli fəaliyyətinin növbəti istiqaməti Şərq fəlsəfəsidir. Bu mövzuda “Şərq gözəli”, “Şahzadə”, “Rəqs”, “Şəki” və s. kimi ecazkar əsərlər ərsəyə gətirmişdi. Bu əsərlərdə onun “Qacar üslubu” sənət məktəbindən ilhamlandığı aydın nəzərə çarpır. Rəssamın modernizm cərəyanlarından fovizm, kubizm, futurizmə xas portret və kompozisiyaları da var.
1996-cı ildən “Labirint” yaradıcı qrupunun üzvü olaraq müxtəlif land-art layihələrində fəal iştirak edən rəssam çağdaş Azərbaycan incəsənətində fərqli iz qoymuşdur.
O, ömrünün son beş ilini Bakıda yerləşən Mixail Arxangel apostol kilsəsinin divar rəsmlərini interyer tərtibatına, freska və ikona nümunələri çəkməyə həsr etmişdi. Kilsə monumental divar rəngkarlığı mürəkkəb bir proses olduğu üçün Ucal artıq azad yaradıcılıqdan demək olar ki, imtina etmişdi. Yaradıcılıq emalatxanasında yeni tablolar yaratmağa zamanı yox idi. 2004-cü ildə Ucal Haqverdiyev vəfat etdikdən sonra kilsə rəsmlərini həyat yoldaşı Yelena davam etdirdi.
Vəfatından sonra rəssamın əsərləri müxtəlif beynəlxalq sərgilərdə təqdim edilmişdir.
Bu günlərdə isə Ucal Haqverdiyevin əsərləri Yarat Müasir İncəsənət Məkanında nümayiş olunur.
2022-ci ilin 26 mayında açılan “Mövcudluqda ünsiyyət” adlı sərgidə rəssamın ilk dəfə olaraq genişmiqyaslı retrospektiv sərgisi tamaşaçılara və sənətsevərlərə təqdim edilir. Beləliklə, rəssam bu dünyada olmasa da, tamaşaçılara fərqli duyğular yaşadan tablolarla dünya ilə ünsiyyətini davam etdirir. Sərgi 16 oktyabr tarixinə qədər sənətsevərləri bu fərqli duyğuları yaşamağa dəvət edir...
Dilarə Əsədli
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı