Sərgiyə Xalq rəssamı Arif Əziz də qatılıb

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq rəssamı Arif Əziz İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophane-Amire Mədəniyyət və Sənət Mərkəzində təşkil olunan “Rəsmin türkcəsi” sərgisində iştirak edib.

Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, Arif Əzizin sərgidə təqdim etdiyi “Səmavilər”, “İstanbulun ruhu” və s. əsərləri ziyarətçilərin marağına səbəb olub. Rəssam yerli bələdiyyə tərəfindən “Xatirə” ordeni ilə təltif edilib.

Sərginin əsas məqsədi türk mədəniyyətinin ortaq bədii dəyərlərinin və mədəni irsinin rəngkarlıqda əks olunmasıdır. Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistandan 16 rəssamın qatıldığı sərgidə 60-dan çox əsər nümayiş etdirilib. Sərginin kuratoru Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, layihə uzunmüddətlidir və iştirakçı ölkələrdə də keçirilməsi nəzərdə tutulub.