Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) Milli Mətbuat Günü münasibətilə iyulun 19-da media nümayəndələri ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan ANAİB-in sədri Şəmil Sadiq birliyin yarandığı vaxtdan ötən 2 ildə fəaliyyəti barədə məlumat verib. Birliyin koordinatoru Fizzə Məmmədova il ərzində keçirilən kitab sərgiləri, oxu günləri və digər təşkilati fəaliyyətlərin slaydını təqdim edib.
Görüşdə çıxış edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli nazirliyin kitab siyasətindən söz açıb. Bildirib ki, ötən il nazirlik 105 min, bu il isə 500 min manatlıq kitabı müəllif və naşirlərdən alıb.
Şöbə müdiri həmçinin qeyd edib ki, nazir Anar Kərimovun təşəbbüsü ilə müvafiq ixtisaslı məzunlar təyinatla ölkə kitabxanalarına göndərilir. Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq ixtisası üzrə məzunlarının təyinatla kitabxanalara göndərilməsi ölkədə həm də kitaba olan münasibətə yaxşı mənada təsir edir.
ANAİB-in sədr müavini Nurman Tariq çıxışı zamanı birliyin oxucular arasında keçirdiyi statistikanı təqdim edib. Statistikaya əsasən, oxucuların rusdilli və türkdilli ədəbiyyata maraqları diqqət çəkib.
Daha sonra görüş iştirakçıları müxtəlif təkliflərlə çıxış ediblər. Sonra media nümayəndələrinin sualları cavablandırılıb.