İkinci dəfə təşkil olunan müsabiqənin finalında 22 nəfər qalib adını qazanıb

 

Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, ölkəmizdə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunub. Bu il müsabiqə ikinci dəfə keçirilir.

İyulun 15-17-də ikinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi təşkil edilib. Bakı Ekspo Mərkəzində baş tutan müsabiqənin final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda idarəçi rəhbərlərin çıxışları olub.

Final mərhələsində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, digər rəsmilər, eləcə də birinci “Yüksəliş” müsabiqəsinin qalibləri iştirak ediblər.

Panel müzakirələrinin birinci hissəsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Nəcəf, ikinci hissəsi isə, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən aparılıb.

İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Qeyd edilib ki, “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunun gündəmə gətirilməsinin əsas məqsədi müsabiqənin finalçılarına peşəkar idarəçilərin təcrübələrini dinləmək imkanı yaratmaq, idarəetmə sistemində yeni yanaşmaların, səmərəli insan kapitalının yetişdirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqdır.

Finala müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı vəsiqə qazanıb. İştirakçıların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilib. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

“Yüksəliş” müsabiqəsinin final mərhələsi iyulun 17-də başa çatıb.

İştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə fərqli keyslər üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edilib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.

Final mərhələsinin sonuncu günündə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Təşkilat Komitəsinin digər üzvləri və idarəçi rəhbərlər iştirak ediblər.

İyulun 19-da İkinci “Yüksəliş” müsabiqəsinin nəticələri elan edilib. Bildirilib ki, müsabiqənin üç gün sürən finalında iştirak edən 116 namizəddən 22 nəfəri qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 12 min 299 nəfər arasından bilikləri, idarəçilik bacarıqları və səriştələri ilə fərqlənən şəxslərdir. Qaliblərdən 5-i xanımdır. 10 qalib birinci müsabiqənin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc qalibin 23, ən yaşlı qalibin isə 37 yaşı var.

Müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Sözügedən mərhələlərdə strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarığı, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.

Qaliblərin adları ictimaiyyətə yaxın günlərdə açıqlanacaq. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edəcək.