“Hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq”

 

Bu gün imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq.

Prezident İlham Əliyev bu sözləri iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşdən və Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumun imzalanmasından sonra mətbuata bəyanatında deyib.

Xanım Ursula fon der Lyayen ilə görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə duran bütün məsələlərin əhatə edildiyini deyən dövlət başçısı diqqətə çatdırıb ki, enerji sahəsində apardığımız fəal əməkdaşlığın 15 ildən artıq tarixi var. 2006-cı ildə bu sahədə anlaşma memorandumu, 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyannamə imzalanıb.

“Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq, təbii ki, böyük nailiyyətdir”, – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial da Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. O cümlədən Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisinin potensialı 9200 meqavatdır: “Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir...”.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyanatından öncə Azərbaycan rəhbərinə qətiyyət göstərərək Avropa İttifaqını dəstəklədiyinə görə minnətdarlığını ifadə edib. Bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl də Rusiyanın Avropaya qaz təchizatı etibarlı deyildi: “Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. İmzaladığımız anlaşma memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir”.

Xanım Lyayen qeyd edib ki, imzalanan memorandumla biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük və Azərbaycandan təchiz edilən qazın həcmini ikiqat artıracağıq: “Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik...”.

Avropa Komissiyasının Prezidenti Azərbaycan rəhbəri ilə görüşdə enerjidən əlavə, əlaqələrin və əməkdaşlığın bütün aspektlərini müzakirə etdiklərini deyib. Bildirib ki, ikitərəfli əməkdaşlığın inkişafı bir gün sonra Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında da müzakirə ediləcək: “Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır”.

Xanım fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır: “Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik. Nəhayət, biz vahid hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik. Çünki bu, biznes, ticarət və turizm imkanlarına böyük təkan verəcəkdir”.

“Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir. Məsələn, biz bu ölkədə minalardan təmizləmə sahəsində ən böyük donoruq. Biz bu vacib mövzunu da müzakirə etdik. Biz bu məqsəd üçün 4.25 milyon avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif edirik... Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək”, – deyə Avropa Komissiyasının rəhbəri bildirib.

***

Qeyd edək ki, iyulun 19-da Brüsseldə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib.

İclasdan sonra Cozep Borrell və Ceyhun Bayramov birgə mətbuata açıqlama veriblər.

“Biz hazırda Azərbaycanla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların vacib mərhələsindəyik. Bu yeni saziş bizim əməkdaşlığımızı və siyasi dialoqumuzu daha da gücləndirəcək”, – deyə Cozep Borrell bildirib.

Azərbaycan Avropa İttifaqı və regiondakın tərəfdaşları ilə Şərq Tərəfdaşlığının yenidən dizayn edilməsi üçün məsləhətləşmələrə töhfə verməyə hazırdır.

Bu fikri isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir əlavə edib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli razılaşma təşkilatın 9 ölkəsi ilə qurulmuş strateji tərəfdaşlıq əlaqələrimizin ruhunu təcəssüm etdirməlidir. Razılaşma həm Azərbaycan, həm də Aİ üçün bir neçə üstünlüyü nəzərdə tutur. Ona görə də hər iki tərəf danışıqların sürətli şəkildə başa çatdırılmasında bərabər şəkildə maraqlı olmalıdır.