13,4 milyard il yol gəlib...

 

ABŞ-ın Aerokosmik Agentliyi – NASA-nın 2021-ci ilin dekabrında kosmosa göndərdiyi “James Webb” teleskopu ən qədim qalaktikanın işığını qeydə alıb.

Harvard Astrofizika Mərkəzinin alimləri teleskopun göndərdiyi məlumatları təhlil edərək GLASS-z13 adı verilən qalaktikanın Günəş sisteminin yerləşdiyi qalaktikadan (“Süd yolu” –  “Via Lactea”) 33 milyard işıq ili uzaqda olduğunu bildiriblər. Məlumata görə, GLASS-z13-un işığı “James Webb” teleskopu tərəfindən qeydə alınana qədər 13,4 milyard il yol gəlib.

Qeyd olunur ki, bu qalaktika “Böyük partlayış”dan (kainatın yaranması ilə bağlı kosmoloji nəzəriyyəyə görə, təxminən 13,8 milyard il əvvəl baş verib) 300 milyon il sonra meydana gəlib. GLASS-z13 indiyədək kosmosda qeydə alınmış qalaktikalardan 100 milyon il qocadır. “James Webb”un Yerə göndərdiyi təsvirdə qalaktika ağ nüvəsi olan qırmızı damcı kimi görünür.

Xatırladaq ki, “James Webb” teleskopu kosmosa buraxıldıqdan bir ay sonra – 2022-ci ilin yanvarında Yerdən 1,5 milyon km məsafədə təyinat nöqtəsinə çataraq müşahidələrə başlayıb.

6,5 metr diametrli güzgüsünü açan teleskop NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsidir.  “James Webb”  layihəsinə 10 milyard dollardan çox vəsait xərclənib.

“James Webb” teleskopu otuz ilə yaxın fəaliyyətdə olan məşhur “Hubble” teleskopunun davamçısıdır. Yeni teleskop Günəş sistemindəki obyektlərin müşahidə olunmasından tutmuş kainatda mümkün həyat izlərinin axtarışına kimi müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. O, “Hubble” teleskopunun müşahidə etmiş olduğu obyektlərdən 10-100 dəfə daha zəif işıqlı obyektləri görmək gücündədir.

V.Kamal