İyulun 29-31-də Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisindəki Xan yaylağında II Milli Yaylaq Festivalı keçiriləcək.

Pandemiyanın yaratdığı ikiillik fasilədən sonra bərpa olunan festival “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “Kap.az” – Fərqli Turizm MMC-nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Gənclər və İdman Nazirliyi, Dünya Etnoidman Konfederasiyası, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti və digər qurumların tərəfdaşlığı və dəstəyi ilə gerçəkləşəcək.

Festivala 20-dən çox ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonağın qatılması nəzərdə tutulur.

Festivalda "Yaylaq (idman) oyunları" şərti adı altında qədim kökə söykənən yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışlar və nümunəvi çıxışlar təşkil olunacaq. Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, tamaşalar yer alacaq. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, "Yaylaq (kənd təsərrüfatı) bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı" (tamaşalar üçün səhnə), "Yaylaq yatağı" (təsərrüfat heyvanları üçün yerlər), "Pəhləvan meydanı" (yarış sahəsi), "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" (yaylaq kulinariyası) və digər tematik sahələr mövcud olacaq.

Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il 26-28 iyul tarixində Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib. İlk festivala 16 ölkədən 100-dən çox nümayəndə qatılıb.

Nurəddin