Dövlət Xidmətindən əhaliyə çağırış

 

Arxeoloji nümunələr tariximizə işıq salan, mədəni irsimizin mühüm elementlərindən biridir. Tez-tez müxtəlif təsərrüfat fəaliyyətləri nəticəsində vətəndaşlarımız tərəfindən də arxeoloji nümunələrin aşkar olunması halları ilə rastlaşırıq. Vətəndaşların bir qismi tapıntıları aidiyyəti qurumlara təhvil versələr də, bəzi hallarda tapılan artefaktları özlərində saxlayırlar.

Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bölgələrdə mədəni irs nümunələrinin toplanması istiqamətində yeni təşəbbüsə start verib. Qurum vətəndaşları mədəni irs nümunələrinin toplanaraq qorunması, gələcək nəsillərə ötürülməsi üçün onları tarix-diyarşünaslıq muzeylərinə təhvil verməyə çağırır.

Artıq Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən yerli sakinlərin köməyi ilə tapılan mühüm arxeoloji nümunələr tarix-diyarşünaslıq muzeylərinə təhvil verilib.

Belə arxeoloji nümunələri olan hər kəs həmin artefaktları təhvil verməklə xalqımızın mədəni irsinin qorunmasına öz töhfələrini verə bilərlər.