İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik dünyada nifrət ritorikası və ekstremist ideyaların sürətlə yayılmasının dayanıqlı inkişaf hədəflərinə əngəl törətdiyini bildirib.

O, Mərakeş Krallığının təşəbbüsü ilə keçirilən Dini Liderlərin Fəaliyyət Planının qəbul edilməsinin 5-ci ildönümünə həsr olunmuş beynəlxalq simpoziumda dini liderləri, beynəlxalq təşkilatları bu mənfi tendensiya ilə mübarizədə səyləri birləşdirməyə çağırıb.

Baş direktor ksenofobiya və ekstremizmə qarşı ICESCO-nun yeni layihələri və proqramından bəhs edib. Vurğulayıb ki, dini və etnik tolerantlıq, dinc yanaşı yaşama prinsipinə və qanunlara ciddi əməl edilməsi sabitliyin və inkişafın təminatıdır. Beynəlxalq və regional təşkilatlar, dini liderlər və vətəndaş cəmiyyətləri bu istiqamətdə sıx əməkdaşlıq etməlidir.

Tədbirdə çıxış edən ekspertlər və ilahiyyatçı alimlər dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb, həmçinin islamofobiya meyillərinin artması ilə bağlı narahatlıq ifadə ediblər.