Şuşa və Qafqaz Albaniyası haqqında nəşrlər 30-dək ölkənin kitabxanalarına göndərilib

 

Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Azərbaycanı dünyaya tanıdaq” layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn nəşrlər – almaniyalı şərqşünas Mixael Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” (alman dilində) və Peter Tibor Veresin “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” (ingilis dilində) kitabları bir sıra ölkələrin kitabxanalarına göndərilib.

Milli Kitabxanadan bildirilib ki, Mixael Hessin kitabı (Michael Reinhard Heß. “Schuschas vermachtnis geschichte und werdegang der kulturhauptstadt Aserbaidschans”, München, 2022) Almaniya, Avstriya, İsveçrə, Lüksemburq Milli kitabxanaları, ABŞ Konqres Kitabxanası, Berlin Humboldt Universiteti kitabxanası, Lixtenşteyn Dövlət Kitabxanası, Belçika Kral Kitabxanası, Roma Milli Mərkəzi Kitabxanası, Yaponiya Milli Parlament Kitabxanası olmaqla ümumilikdə 17 ölkəyə göndərilib.

Peter Tibor Veresin Qafqaz Albaniyası haqqında kitabı (“Caucasian Albania: a country from the depths of the centuries”, Budapest, 2021) isə ABŞ Konqres Kitabxanası, Los-Anceles Universitet Kitabxanası, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya, Pakistan Milli kitabxanaları, eləcə də Roma Milli Mərkəzi Kitabxanası, Kanada Milli Elmi Kitabxanası, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanası, Danimarka Kopenhagen Kral Kitabxanası, Serbiya Matice adına Elmi İnstitutunun kitabxanası, Yaponiya Milli Parlament Kitabxanasının fondlarında yer alacaq.

Son iki il ərzində Milli Kitabxana “Azərbaycanı dünyaya tanıdaq” layihəsi çərçivəsində “Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru. 27 sentyabr-10 noyabr 2020-ci il” (rus dilində), Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” (ingilis və ərəb dillərində), Z.Göyüşovun “Nizami Gəncəvinin “İskəndərnamə” poemasının mədəniyyətlərarası dialoqda rolu” (yunan dilində), Çingiz Qacarın “Köhnə Şuşa” (ingilis və rus dillərində), Kərim Şükürovun “Azərbaycan millətlərarası münasibətlər sistemində 1648-1991” (rus dilində), “İrəvan xanlığı” (ingilis dilində), Mustafa Topçubaşovun “Paris arxivi: 1919-1921” (rus dilində) kitablarını və Azərbaycan tarixinə dair digər nəşrlərin dünyanın bir çox kitabxanalarına göndərilməsini təmin edib.