Beynəlxalq konfransda müzakirə olunub
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təşkilatçılığı ilə iyulun 22-də “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə kollektiv idarəetmə təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin təşkilində məqsəd müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının təşviqi, bu sahədə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müəlliflərin (hüquq sahiblərinin) və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin, o cümlədən onların qonorar almaq hüquqlarının təmin edilməsi üçün təşkilatlar arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstəyin göstərilməsidir.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov tədbiri açaraq mövzunun aktuallığından bəhs edib.
Türkiyənin Musiqi Əsəri Sahibləri Peşə Birliyinin (MESAM) sədri Recep Ergül təşkilat haqqında məlumat verib, müəllif hüquqlarının qorunması sahəsində qardaş ölkənin təcrübəsindən danışıb.
Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənlinin “Şəffaflıq – müəllif və kollektiv idarəetmə təşkilatları arasında qarşılıqlı etimadın əsas şərti kimi” mövzusunda məruzəsi dinlənilib. Agentlik tərəfindən ölkəmizdə fəaliyyət göstərən kollektiv idarəetmə təşkilatlarının gücləndirilməsinə dəstək göstərilməsi, yeni idarəetmə təşkilatlarının yaradılmasının təşviq edilməsi istiqamətində görülən işlərə toxunan məruzəçi əmlak hüquqlarının idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsiplərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.
Sonra Rusiya Müəllif Cəmiyyətinin (Rossiyskoye Avtorskoye Obşestvo - RAO) baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Qriqori Turinçev, Türkiyənin Musiqi Əsəri Sahibləri Qrupu Peşə Birliyinin (MSG) nümayəndəsi Muharrem Ömer Özgür, Özbəkistanın “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) sədr müavini Abdumumin Yoldaşov, eləcə də Azərbaycandan “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin sədri Murad Babayev, “Müəllif Hüquqları uğrunda” İctimai Birliyinin sədri Gövhər Həsənzadə, “Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyası” İctimai Birliyinin sədri Hüseyn Mehdiyev təşkilatların fəaliyyəti və təcrübələri haqqında məlumat veriblər.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev fəaliyyət istiqamətləri və agentlikdə akkreditasiyadan keçmiş kollektiv idarəetmə təşkilatları haqqında məlumatı əks etdirən təqdimatla çıxış edib. Vurğulanıb ki, əvvəllər musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını öz üzərinə götürmüş “Azərbaycan Müəllifləri” İctimai Birliyi öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmayıb, açıqlıq və şəffaflığa əməl etməyib və təmsil etdiyi müəlliflər və digər hüquq sahibləri arasında nüfuzunu itirib. Dəfələrlə ictimai birliyin mövcud qanunvericilik aktlarına uyğun olaraq, akkreditasiyadan keçməsi tələb edilsə də, akkreditasiya üçün tələb olunan sənədlər agentliyə təqdim edilməyib.
Konfransda Qırğız Respublikası Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi, Qazaxıstanın “Amanat” müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatının təmsilçiləri, ölkəmizin sənət adamları – bəstəkarlar, yazarlar, fonoqram istehsalçıları da iştirak ediblər.
Tədbirin sonunda konfransda iştirak edən xarici və yerli kollektiv idarəetmə təşkilatlarının əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanatı imzalanıb.