Bakı məktəbliləri də uğur qazanıblar
Moskva şəhərində MDB Kitab Yayımı Assosiasiyası, Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə ənənəvi “Uşaq kitabı həftəsi” çərçivəsində uşaq və gənclərin rəsm – bədii qiraət müsabiqələri təşkil edilib.
Müsabiqəyə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) oxucuları da qatılıblar.
Müsabiqəyə bu il yubileyləri qeyd olunan yazıçıların əsərlərinin motivlərinə çəkilmiş rəsmlər təqdim olunub.
M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası tərəfindən müsabiqəyə 12 ən yaxşı rəsm əsəri – Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının 11 şagirdi və 175 nömrəli orta məktəbin bir şagirdinin əl işləri göndərilib.
Onlar müsabiqənin qalibi olduqları üçün diplomlarla təltif olunub, çəkdikləri rəsmlər müsabiqənin albomunda yer alıb.
Bu il “Uşaq kitabı həftəsi” çərçivəsində gənc qiraətçilərin müsabiqəsi 2022-ci ildə yubileyləri qeyd olunan rus şairləri Samuil Marşak, Bella Axmadulina, Robert Rojdestvenski və Marina Svetayevanın yaradıcılığına həsr olunub. Onların şeirlərinin məktəblilərin ifasında qiraətinin videoçəkilişləri kitabxanaya təqdim edilib və ən yaxşı ifalar Moskvaya göndərilib. Kitabxananın oxucuları Hüseyn Abdullazadə, Selin Əlizadə, Aişə Hidayətli, Eldar Babayev, Aylin Nəcəfli, Mariya Quliyeva, Nicat Tahirov, Xədicə Talıbzadə və Amin Nəzərli müsabiqənin diplomları ilə təltif olunublar.