Mədəniyyət naziri Anar Kərimov iyulun 22-də İsmayıllı rayonuna səfəri zamanı rayondakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Nazirə məlumat verilib ki, mədəniyyət müəssisəsi 1976-cı ildən fəaliyyət göstərir, 2014-cü ildən ulu öndərin adını daşıyır. Burada Xalq teatrı, “Niyal” instrumental ansamblı fəaliyyət göstərir.
Mərkəzdə nazir Anar Kərimovun İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüşü keçirilib. Görüşdə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları da iştirak ediblər.
Anar Kərimov çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara cəlb edilərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verilməsi də qarşıda duran əsas vəzifələrdəndir.
Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının dövrün vacib tələbi olduğunu diqqətə çatdırıb. Bildirib ki, nazirlik tərəfindən bu istiqamətdə də layihələr həyata keçirilir. İyun ayında nazirliyin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində regional mədəniyyət idarələri üzrə media menecerlərinin bilik və bacarıqlarının artırılması məqsədilə ADA Universitetində treninqlər təşkil edilib. Bölgələrdəki muzey işçiləri üçün də müvafiq təlimlərə başlanılıb. Həmçinin kitabxana işi və digər sahələr üzrə peşə bacarıqlarının təşviqi istiqamətində layihələr nəzərdə tutulur.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.