Azərbaycan kinosunun builki bayramı nə ilə yadda qalacaq?

 

2 avqust Azərbaycanda kino işçiləri üçün əlamətdar tarix, peşə bayramıdır. 1898-ci il avqustun 2-də fransız fotoqraf Aleksandr Mişon lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib.

Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan olunub.

Bəs builki kino bayramımız hansı tədbirlərlə əlamətdar olacaq?

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası avqustun 1-də “Azərbaycan Kinosu Günü” adlı tədbir təşkil edəcək. Həmin gün kinostudiyanın yeni loqo və saytının təqdimatı keçiriləcək. Eyni zamanda kinostudiyasının 100 illiyi (2023) münasibətilə elan olunan Qarabağ mövzusunda ssenari müsabiqəsi qaliblərinin adları açıqlanacaq, mükafatlandırma mərasimi olacaq. Bundan əlavə, tədbirdə “Azərbaycanfilm”in rəhbərliyi tərəfindən qarşıdan gələn 100 illik yubileylə bağlı tədbirlər planı haqqında da ictimaiyyətə məlumat veriləcək.

Avqustun 1-də həmçinin Azərbaycan Dövlət Film Fondunun həyətində Milli Kino Günü münasibətilə sərgi keçiriləcək. Sərgi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovetlər dönəmi bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunacaq. Təqdim ediləcək eksponatlar “Azərbaycanfilm” və Film Fondunda qorunan avadanlıqlardır.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) da Milli Kino Gününə xüsusi hazırlaşıb. Avqustun 2-də təşkil ediləcək bayram tədbirində Milli Kino Mükafatı təqdim ediləcək. Həm gənc, həm də yaşlı nəsil kinematoqrafçılara mükafatlar təqdim olunacaq. Yubileyi olan kino xadimləri, il ərzində bu sahədə uğur qazananlar da diqqətdən kənarda qalmayacaq. Qeyd edək ki, builki Milli Kino Mükafatına 75 illik yubileyini qeyd edən Xalq rəssamı Rafiq Nəsirov  layiq görülüb.

Əvvəlki illərdən fərqli olaraq ARKİ bu il media nümayəndələrini də yaddan çıxarmayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, həmin gün jurnalistlər də mükafatlandırılacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) isə Milli Kino Günündə ənənəvi olaraq özünün üç nominasiyada kino mükafatını sahiblərinə təqdim edəcək. İyulun 28-də AKİ 2022-ci il üçün mükafatçıları elan edib.

“Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə” İlkin Yusif, “Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə” Rəşid Ağamalıyev, “Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə” İntiqam Hacılı diplom və pul mükafatına layiq görülüblər. 

Avqustun 1-də AKİ-nin bu ilin fevralında elan etdiyi “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsinin qalibləri də elan olunacaq.

Lalə Azəri