İyulun 28-də Gəncə Dövlət Dram Teatrında 2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunmuş “Dəmir yumruq” tamaşası nümayiş olunub.

Yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyi Gəncə regional bölməsinin rəhbəri Xəzangül Hüseynovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mətləb Təhmazibdir.

Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tamaşa 44 günlük Vətən müharibəsi haqqındadır. Səhnə əsərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, canı-qanı bahasına torpaqlarımızı işğaldan azad edən Vətən oğullarının qəhrəmanlığından bəhs edilir.

Nümayişdən sonra çıxış edən müəllif Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, rejissor Mətləb Təhmazib tamaşa barədə fikirlərini bölüşüblər. Gənc nəslin vətənpərvər ruhda böyüməsində bu mövzuda səhnə əsərlərinin əhəmiyyəti vurğulanıb.