Yerusəlim (Qüds) şəhərindəki Rubin adına Musiqi və Rəqs Akademiyasında Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə dəstəyi ilə baş tutan konsertdə İsrail Opera Teatrının solisti Kameliya İoffe, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Rza Xosrovzadə çıxış ediblər.

Vokalçıları fortepianoda Ukraynanın Əməkdar artisti, pianoçu Yevgeni Kosovski müşayiət edib.

Proqramda Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayev, Ukrayna bəstəkarı Mikola Lısenko, İtaliya bəstəkarı Rudolfo Falvo, Avstriya və macar bəstəkarı Frans Leqarın əsərləri səsləndirilib.

Tamaşaçılar vokalçıların çıxışını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Rza Xosrovzadə bu yaxınlarda Yerusəlimdə keçirilən Yay Opera Festivalı çərçivəsində vokalçıların beynəlxalq müsabiqəsində iştirak edib. Müsabiqədə III yeri tutan sənətçimiz festivalda Antonin Dvorjakın “Su pərisi”, Cakomo Puççininin “Toska” və Volfqanq Amadey Motsartın “Bütün qadınlar belə edir...” operalarında çıxış edib. O, israilli həmkarı Kameliya İoffe ilə birlikdə “Su pərisi” operasında birinci aktyor heyətində yer alıb. Festival İsrailin dövlət radiosu ilə canlı yayımlanıb. Həmyerlimiz çıxış etmək üçün İtaliyanın “La Skala” və “Arena di Verona” teatrlarına dəvət edilib.

Xatırladaq ki, Kameliya Qonçarova-İoffe bu ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə medala layiq görülüb.