Müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından olan Araz Zeynalov avqustun 3-də, uzun sürən xəstəlikdən sonra ömrünün 61-ci ilində vəfat edib.

Araz Hidayət oğlu Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. Atası Hidayət Zeynalov, anası Məryəm xanım uzun illər “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) çalışıblar. Övladları da onların peşə yolunu davam etdiriblər.

Araz Zeynalov 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsini bitirib. “Azərbaycan gəncləri” qəzetində müxbirlikdən baş redaktorluğa qədər peşəkar yaradıcılıq yolu keçib. 1996-2000-ci illərdə dövrün ən populyar nəşrlərindən olan “Panorama” qəzetinə rəhbərlik edib. 2009-cu ildən rusdilli “Vesti.az” saytının ilk baş redaktoru olub və 2021-ci ilədək bu vəzifədə çalışıb.

Azərbaycan Mətbuat Şurası Araz Zeynalovun vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda onun jurnalist kimi mənalı ömür yaşadığı vurğulanır. “Bu ömrə məna verən onun söz sənətinə könüldən bağlılığı olub. Yaddaşlarda da jurnalistikaya kübarlıq, alicənablıq gətirməyi bacaran həmkar kimi qalıb. Onu tanıyan hər kəs üçün qayğıkeşlik, təəssübkeşlik, səmimiyyət nümunəsi olan Araz Zeynalovun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir...” – deyə nekroloqda bildirilir.

Araz Zeynalov avqustun 4-də Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.