Mədəniyyət naziri Anar Kərimov avqustun 3-də Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyevlə görüşüb.

Qonağı səmimi salamlayan Anar Kərimov iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, mövcud əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Nazir bildirib ki, iki qardaş ölkə arasında münasibətlər davamlı olaraq inkişaf etməlidir. Bu baxımdan TÜRKSOY çərçivəsində də reallaşan mədəni layihələr ölkələrimiz arasında mədəni əlaqələri daha da dərinləşdirir.

Gələn il Qırğızıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının (19 yanvar 1993-cü il) 30 illiyinin tamam olacağını qeyd edən Anar Kərimov bu münasibətlə bir sıra layihələrin gerçəkləşəcəyini deyib.

Noyabr ayında Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun keçiriləcəyini diqqətə çatdıran nazir qırğız həmkarını da bu mötəbər tədbirə dəvət etdiyini bildirib.

Nazir bu ilin aprel ayında Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Bakıya rəsmi səfər etdiyini xatırladaraq, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı ilə üçün yeni perspektivlər açdığını vurğulayıb.

Görüş zamanı gələn il 95 illiyi tamam olacaq dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr edilən silsilə tədbirlərlə bağlı məsələlər də müzakirə edilib.

Səfir Kayrat Osmonaliyev Qırğızıstan Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşaya qoyulmasının 35 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə nazirə məlumat verib.

Anar Kərimov qeyd edib ki, Türk dünyası xalqlarının zəngin mədəniyyəti var və biz bu mədəni irsi birlikdə qoruyub gələcək nəsillərə ötürməliyik. İndiyədək gerçəkləşdirilən birgə layihələr də mədəniyyətlərimizin yaxınlığı, xalqlarımızın doğmalığının göstəricisidir.