Regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Günü münasibətilə tədbirlər təşkil olunub.

Lənkəran RMİ Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və dil mədəniyyətimiz” mövzusunda məktəbli və gənclərin iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən mərkəzin baş fond mühafizi Aygün Əkbərova milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi varlığımızın rəmzi olan Azərbaycan dilinin tarixindən danışıb. Digər çıxış edənlər mövzu ətrafında öz fikirlərini bildiriblər. Sonda iştirakçılar mərkəzin elektron kitabxanasında yerləşən kitab sərgisi ilə tanış olublar.

Lerik rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” mövzusunda tədbir keçirilib. Çıxış edənlər ana dilimizin qorunub saxlanılmasında, inkişafında, dövlət dili elan edilməsində ümummilli liderin müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır.

Ağstafa RMİ Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin banisi Heydər Əliyev və bu siyasətə sadiqlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova, məktəb direktorları, müəllimlər, muzey rəhbərləri, mədəniyyət işçiləri, rayon Mədəniyyət Mərkəzi və MKS-nin əməkdaşları iştirak ediblər.

Hazırladı: N.Məmmədli