Milli Qurama Festivalı çərçivəsində sərgi açılıb

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Milli Qurama Festivalı davam edir.

Festival çərçivəsində avqustun 3-də “NUR Art House” qalereyasında “Qurama: əsrlərin kəsişməsində, nəsillərin baxış bucağında” adlı sərgi açılıb.

Sərgi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin (İB) sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi Röya Tağıyevanın rəhbərliyi ilə İB üzvlərinin əsərləri və şəxsi kolleksiyalarından incilər əsasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, adıçəkilən İB və “NUR Art House” qalereyası tərəfindən təşkil olunub.

Tədbirdə İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova, “Azərbaycan xalçaçıları” İB İdarə heyətinin üzvləri Gülşən Hüseynova, Elmira Qasımova, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova, kolleksiyaçı-tədqiqatçılar Ruslan Hüseynov və Fuad Cəbrayılov, Əməkdar mədəniyyət işçisi, animasiya rejissoru, rəssam Elçin Hami Axundov çıxış ediblər.

Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbi şagirdlərinin qurama işləri və internat məktəbinin bazasında yaradılmış Azərbaycanda ilk “Qurama” uşaq animasiya studiyasında Elçin Hami Axundovun rəhbərliyi ilə uşaqların müxtəlif mövzularda çəkdikləri animasiyaların nümayişi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Məktəblilərin müəllimləri ilə birlikdə hazırladıqları quramalar bu sənətin gələcəyi və gənc nəslin sənətə baxış bucağını ortaya qoyub.

Bir ay davam edəcək sərgidə XVIII-XX əsrlərə aid boğçalar, qələmkar namazlıq və möhürbənd, cehizüstü, parça və toxunma quramalar, miniatür motivli qurama və gəlinciklər, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. Sənətsevərlər həmçinin sərgi müddətində qurama və dekorativ-tətbiqi sənətin digər növləri üzrə ustad dərslərinə qatıla biləcəklər.

Qeyd edək ki, iyulun 7-də başlayan Milli Qurama Festivalı avqustun 7-də başa çatacaq.

Nurəddin Məmmədli