Doğma yurddan təəssürat...

 

Bu il iyunun 16-da Xocavənd rayonunun Tuğ kəndini, dədə-baba yurdunu ziyarət etmək mənə nəsib oldu. Gördüyüm dağıntılardan sonra hələ də özümə gələ bilmirəm. Bir vaxtlar çiçəklənən diyar xarabalığa çevrilib. 

Tuğdan çoxlu tanınmış şəxsiyyətlər çıxıb. XIX əsrin ikinci yarısında açılan kənd məktəbi isə dövrün tanınmış tədris ocaqlarından idi.

Tuğ kəndində məktəbin yaradılmasında bilavasitə iştirak edənlərin varislərindən biri olaraq bu təhsil ocağı haqqında qısa məlumat vermək istərdim. Təəssüf ki, bəzən yerli kütləvi informasiya vasitələrində tarixi həqiqətə uyğun olmayan və Xocavənd rayonunun Tuğ kəndində ilk məktəbin yaradılması və yerləşməsi ilə bağlı qeyri-dəqiq məlumatlar  ortaya çıxır, yaxud bir vaxtlar bu kənddə baş verənləri səthi bilən insanlar danışır...

Bəzi mənbələrə görə, məktəb 1885-ci ildə, bəzilərinə görə isə 1883-cü ildə açılıb. İmperator II Aleksandrın fərmanına əsasən, məktəb Rus-Avropa tipli məktəb adına layiq görülmüşdü. Məktəbin açılmasının təşəbbüskarları Mehdi bəy və Sadıx bəy Məlik-Aslanov qardaşları idi.

Məktəbin yerləşdiyi binaya gəlincə, ilk məktəb Sadıx bəyin evində açılmışdı. Onu da qeyd edim ki, ulu babam Aslan bəy Məlik-Aslanovun həyat yoldaşı Asya xanım Mir Mehdi Xəzaninin qızı idi. Aslan bəyin dəvəti ilə Mir Mehdi Xəzani Tuğa köçür və həmin məktəbdə dərs deyir. Ailəmizdə olan söhbətlərə görə, Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ"("Qarabağnamə") əsərini ulu babamın evində yaşayarkən yazıb.

Keçən əsrin 20-ci illərində, sovetləşmədən sonra Tuğ kəndində yan-yana yerləşən Aslan bəylə Mehdi bəy qardaşların imarətləri müsadirə olunur və vaxtilə qardaşları Sadıx bəyin evində açılan Tuğ ilk məktəbi həmin binalara köçürülür.

1978-ci ildə Tuğda yeni məktəb binası inşa olunmuş və təhsil ocağı həmin binada fəaliyyətini davam etdirmişdi.

Erməni işğalı dövründə, Tuğ kəndində azərbaycanlı əhalinin bütün əmlakı kimi, Aslan bəyin və qardaşı Mehdi bəyin evləri də dağıdılıb. Viran qalmış kəndi ziyarət edərkən ürəkaçan yeganə məqam oldu – ulu babamın evinin qarşısındakı bulaqdan su axırdı...

Əminəm ki, Aslan bəy və Mehdi bəy Məlik-Aslanov qardaşların evləri dövlətimiz tərəfindən bərpa edilərək  xalqımızın ziyarəti üçün mədəni-maarif mərkəzinə çevriləcək və evlərin əsl sahiblərinin adları da qeyd olunacaq.

Rəyanə Məlik-Aslanova

Fotolarda: Aslan bəy Məlik-Aslanovun və Mehdi bəy Məlik-Aslanovun evlərinin qalıqları