Xəbər verdiyimiz kimi, 3-13 avqust tarixlərində keçirilən 75-ci Lokarno Film Festivalının (İsveçrə) əsas müsabiqə proqramında azərbaycanlı rejissor Hilal Baydarovun "Balıqlara xütbə" ("Sermon to the Fish”) filmi də nümayiş olunub.

Avqustun 10-da nümayiş olunan ekran əsəri münsiflər və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

“Balıqlara xütbə” filmi festivalda jürinin “xüsusi diqqət” (“Special Mention Pardo Verde WWF”) və gənc münsiflər heyətinin mükafatlarına layiq görülüb.

 “Balıqlara xütbə” filmi Azərbaycan, Meksika, İsveçrə və Türkiyə kinematoqrafçılarının birgə işidir. Filmin ssenari müəllifləri Hilal Baydarov və Aisu Akcandır. Ekran əsəri müharibələrdə, savaşın ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

Festivala rejissor Hilal Baydarovla yanaşı, prodüserlər Elşən Abbasov, Den Veksler, aktyorlar Orxan İsgəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov da qatılıblar. Filmin nümayişindən əvvəl keçirilən mətbuat konfransında rejissor filmin süjeti və yaradıcı heyətin işindən danışıb.

Xatırladaq ki, Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi 2020-ci ildə İtaliyada, 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Ekran əsəri 2021-ci ildə Tokioda beynəlxalq kinofestivalın, həmçinin İstanbulda “Dədə Qorqud” Türk Dünyası Beynəlxalq Film Festivalının mükafatlarına layiq görülüb.

V.Kamal