Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı yeni mövsümə hazırlaşır. Teatrın kollektivi 2021-2022-ci yaradıcılıq mövsümü üçün repertuara salınan dahi şair-dramaturq Hüseyn Cavidin "Topal Teymur" əsərinin məşqlərinə başlayıb.

Böyük dramaturqun 140 illik yubileyinə həsr edilən tamaşanın rejissoru Xalq artisti Kamran Quliyev, rəssamı muxtar respublikanın Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət  işçisi İmamqulu Əhmədovdur.

Səhnə əsərində Xalq artistləri Rövşən Hüseynov, Rza Xudiyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Nazlı Hüseynquliyeva, Əbülfəz İmanov, Vidadi Rəcəbli, muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşiyev, aktyorlar Cəbrayıl Nəbiyev, Zakir Fətəliyev, Zəminə Məmmədova, Səyyad Məmmədov, Mehri Nəbiyeva və başqaları rol alıb.

"Topal Teymur" əsərində iki böyük türk hökmdarı Əmir Teymurun və İldırım Bəyazidin sarayında baş verən hadisələr, dövrün siyasi mənzərəsi, eyni zamanda bu  sultanların arasında olan konflikt əks olunur.

Naxçıvan Dövlət Milli Dram Teatrı eyni zamanda bu ilin sonunda Elçinin "Şekspir" əsərini də tamaşaçılara təqdim etməyi planlaşdırır.