“Hophopnamə” rənglərin işığında” kitabı çapdan çıxıb

 

Tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Hophopnamə” rənglərin işığında” kitabı çapdan çıxıb.

Dahi Azərbaycan şairi və mütəfəkkiri, fədakar maarif xadimi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyinə həsr olunan kitab söz ustadının məşhur “Hophopnamə”sinə rəssam münasibətlərindən bəhs edir.

Məlum olduğu kimi, 1914-cü ildə ikinci nəşrindən başlayaraq müasir dövrümüzədək dəfələrlə çap olunan “Hophopnamə”yə Azərbaycan rəssamlarının müxtəlif nəsilləri davamlı olaraq müraciət ediblər. Şairin bu ölməz irsinə əhatəli münasibət göstərən Ə.Əzimzadə, İ.Axundov, N.İsmayılov, A.Hüseynov, E.Məmmədov, B.Hacızadə kimi tanınmış fırça ustaları ilə yanaşı, qrafika sahəsində çalışan digər rəssamlar – H.Məmmədov, M.Ağayeva, N.Hacıyev, O.Hüseyov, M.Səmədov və başqaları da “Sabirnamə”yə müxtəlif süjetli rəsmlər çəkiblər. Həmin əsərlərin təhlili göstərir ki, şairin satirik şeirlərinin məna-məzmun yükünün duyulası dərəcədə koloritli olması rəssamlarında əsərlərinin cəlbedici və düşündürücü olmasını şərtləndirib. Eyni zamanda bu rəsmlər şairin çoxqatlı poeziyasının “oxunuşu”na da müsbət təsir göstərib.

Yeni nəşr Sabir şeriyyətini sevənlər və Azərbaycan təsviri sənət tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.

“Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilovdur.

Xatırladaq ki, “Hophopnamə” rənglərin işığında” kitabı Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə bu ilin 24-26 iyun tarixində Qırğızıstanın paytaxtı Bişkekdə gerçəkləşən “Kitab sənəti” Beynəlxalq müsabiqəsində “Birlikdə nəşr olunub” nominasiyası üzrə II yerə layiq görülüb.