Avqustun 16-da Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Əli Əhmədovun və komissiyanın Qırğızıstan tərəfdən həmsədri, Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin sədrlik etdikləri iclasda iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri, o cümlədən Azərbaycan mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edib.

İclasda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan-Qırğızıstan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprel ayında Azərbaycana rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin bu münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını bildirib.

Azərbaycan-Qırğızıstan xarici ticarət dövriyyəsinin hazırkı həcminin, mövcud iqtisadi əlaqələrin ölkələrin real imkanlarına cavab vermədiyi diqqətə çatdırılıb. Bu baxımdan işgüzar əlaqələrin qurulması və inkişafı, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edilməsi məqsədilə birgə işgüzar tədbirlərin təşkilinin, sahibkarlıq fəaliyyəti üçün qarşılıqlı əlverişli şərait yaradılmasının, müştərək iqtisadi və investisiya layihələrinin təşviqinin vacibliyi qeyd edilib.

Ə.Əhmədov Azərbaycan-Qırğızıstan əlaqələrinin digər istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan Baş nazirin müavini 30 il işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad olunan əzəli Azərbaycan torpaqlarında hərbi cinayətlərin törədildiyini, Azərbaycan xalqının mədəni-mənəvi irsinin məhv edildiyini diqqətə çatdırıb.

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev də iki ölkə arasında siyasi dialoqun inkişaf etdiyini, ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

B.Torobayev Azərbaycanın biznes dairələrini Qırğızıstanda investisiya imkanlarını fəal öyrənməyə çağırıb, bunun iki ölkə arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcəyinə əminliyini ifadə edib.

İclasda iki ölkənin nümayəndə heyəti üzvlərinin məruzələri dinlənilib, gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda Əli Əhmədov və Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasının Protokolunu imzalayıblar.