Prezident Türkmənistan, İsveç, Almaniya və Argentinanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistan, İsveç, Almaniya və Argentinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Türkmənistan Respublikasının Azərbaycandakı yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıb.

Bu yaxınlarda Türkmənistana səfəri zamanı ölkənin yeni Prezidenti Sərdar Berdiməhəmmədov və Xalq Məsləhəti Şurasının Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşdüyünü diqqətə çatdıran İlham Əliyev deyib: “Biz bütün sahələrdə iki qardaş ölkə kimi uğurla hərəkət edirik, bir-birimizi dəstəkləyirik, istər beynəlxalq müstəvidə, istər ikitərəfli, istər çoxtərəfli formatda. Son vaxtlar iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə biz yeni nəticələr görürük. Bu, bizi çox məmnun edir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, ölkələrimiz arasında yüksək səviyyəli çoxşaxəli əməkdaşlıq tarixi köklərə əsaslanır.

Prezident İsveç Krallığının ölkəmizdəki yeni səfiri Tobias Lorentzsonla söhbət zamanı bu ölkənin sirkətlərinin Azərbaycanda fəaliyyətini qeyd edərək onların sayının və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu bildirib. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan İlham Əliyev bu əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə etdiyini vurğulayıb.

Səfir Tobias Lorentzson fəaliyyəti dövründə ikitərəfli münasibətlərin, o cümlədən ticarət və sərmayə qoyuluşunu, ölkələrimiz arasında daha sıx biznes təmaslarını təşviqi üçün çalışacağını deyib. “Eyni zamanda, ümid edirəm ki, insanlar arasında ünsiyyətin və ölkələrimiz arasında təmasların artırılmasına nail ola biləcəyəm. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də vacib aspektlərindəndir”, – deyə isveçli diplomat əlavə edib.

Bizim çox geniş gündəliyimiz var və əməkdaşlığın yaxşı tarixi var. Bildiyiniz kimi, alman şirkətləri Azərbaycanda çox geniş təmsil olunub və əminəm ki, onların fəaliyyəti daha da geniş olacaq. Bizim yüksək səviyyəli səfərlərimiz və çox yaxşı siyası əlaqələrimiz var. Əlbəttə, biz yeni fürsətlərin nədən ibarət olduğunu görməliyik. Çünki Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür.

Bu sözləri isə Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfiri Ralf Horlemannla söhbət zamanı deyib.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlət başçısı bu əlaqələrin inkişafında Almaniyanın xüsusi rolunu qeyd edib: “Biz Avropa İttifaqı-Azərbaycan ikitərəfli gündəliyinə verdiyiniz bütün dəstəyə görə minnətdarıq. Bu gündəlik getdikcə genişlənir və bir çox sahələri əhatə edir”.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və nəqliyyat dəhlizləri, ticarət, investisiya sahələrində geniş perspektivlərə malik olduğunu vurğulayıb. Azərbaycan ilə Avropa Komissiyası arasında enerji dialoquna start verildiyini qeyd edən dövlət başçısı deyib: “Azərbaycan enerji bazarında yalnız ənənəvi olan neft və qaz ilə deyil, həmçinin gələcəkdə elektrik enerjisi, neft, hidrogen və neft-kimya məhsullarının idxalı ilə çox önəmli oyunçuya çevrilməkdədir. Biz mühüm nəqliyyat infrastrukturunu vaxtında tamamladıq”.

İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirən səfir Ralf Horlemann qeyd edib ki, bu, bizim daha da inkişaf etdirə biləcəyimiz müsbət gündəlikdir: “Siz doğru qeyd etdiniz ki, Almaniya və Azərbaycan geniş və çoxtərəfli münasibətə, konstruktiv siyasi dialoqa, güclü iqtisadi münasibətlərə malikdir. Azərbaycan Almaniyanın regionda ən mühüm iqtisadi tərəfdaşıdır. Biz enerji və bərpaolunan enerji sahələrində böyük potensial görürük”.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı mina problemi ilə üzləşməsi, Birinci Qarabağ müharibəsindən etibarən 4 min azərbaycanlının itkin düşmüş şəxs hesab edilməsi, həmçinin Azərbaycanın təşəbbüskarı olduğu və Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edən sülh gündəliyi məsələləri də müzakirə olunub. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidənqurma və bərpa işləri barədə də fikir mübadiləsi aparılıb.

Etimadnaməsini təqdim edən Argentina səfiri xanım Marianxeles Belluşi ölkəsinin başçısı Alberto Fernandesin salamlarını və ən xoş arzularını da Azərbaycan Prezidentinə çatdırıb. Dövləti başçısı onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş edib.

Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən İlham Əliyev ticari və iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bunun üçün yaxşı potensialın mövcud olduğunu deyib.

Səfir Marianxeles Belluşi də iqtisadi-ticari əlaqələrin genişlənməsi və bu baxımdan əməkdaşlığın səhiyyə, texnologiyalar, kənd təsərrüfatı və digər yeni sahələrin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

 

 

 

 

 

 

 

 

 

 

Sarıbaba yüksəkliyində mina tarlası
Ermənilərin basdırdığı 991 mina zərərsizləşdirilib

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan Ordusu Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

Aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra – 2021-ci ildə Ermənistanda istehsal olunub.

Xatırladaq ki, avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üzvlərinin Azərbaycan Ordusu bölmələrinə qarşı terror-təxribat əməli həyata keçirilib. Buna cavab olaraq Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb.

 

“Bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”

Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu sözləri Böyük Britaniyanın Avropa üzrə naziri Qraham Stüartın Azərbaycan səfiri ilə görüşü zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumla bağlı dərin təəssüf hissi keçirdiklərini söyləməsinə münasibət bildirərkən deyib.

“Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkə tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini prioritet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir. O ki, qaldı “fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına və ya qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər. Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”, - deyə Leyla Abdullayeva qeyd edib.

Xatırladaq ki, avqustun 4-də dini radikal qrup tərəfindən Azərbaycanın Londondakı Səfirliyinə qarşı hücum törədilmişdi. Bununla bağlı Böyük Britaniyanın Bakıdakı müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə dəvət olunmuş və ona qəti etiraz bildirilmiş, baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmasının aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələb edilmişdi.

Hadisə ilə bağlı məlumat yayan London polisi səfirliyinə hücuma görə 8 nəfərin saxlanıldığını, araşdırma aparıldığını bildirmişdi.