Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 16-da Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

DİM-dən bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 28-dək aparılacaq.

İxtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu eservices.dim.gov.az/erizebak/ixtisas1 linkində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla DİM-in saytındakı linkdən tanış olmaq olar.

Bu il ali məktəblərə qəbul üçün ərizə verənlərin sayı artıb. Bütün qruplar üzrə ərizə verənlərin sayı ötən il ümumilikdə 78 min 622 olmuşdusa, bu il isə 99 min 533 nəfərdir.

Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

Məleykə Abbaszadə diqqətə çatdırıb ki, 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul planı 51 min yerdən çoxdur.