Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam etdirilir

 

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81.6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Qeyd edək ki, Şuşaya aparan ikinci yol 2021-ci ildə istifadəyə verilən “Zəfər yolu”ndan 20 km qısa və daha əlverişli avtomagistral olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk (dərə üzərində körpü) inşa edilir.

T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. T1, T2 və T3 tunellərində də qazıntı və püskürtmə beton işləri yekunlaşıb. T1A tunelinin sol istiqaməti üzrə ümumi 1426 metr, sağ istiqaməti üzrə isə ümumi 1604 metr məsafədə qazma və dəmir-beton dəstəkləmə işləri görülüb.

Həmçinin layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri davam etdirilir. Ümumilikdə layihə üzrə süni qurğu işlərinin 70 faizi görülüb.

Yol boyu torpaq işlərinin icrası da davam edir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işləri aparılır. Bundan başqa, “Zəfər yolu”nun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi icra olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.