Qəbələ Dövlət Tarix-Bədii Qoruğu yerli turistlərlə yanaşı, ölkəmizə səfər edən xarici qonaqların da maraq göstərdiyi məkandır.

Qoruğu ziyarət edənlərin arasında Avropa ölkələrindən gələnlərə tez-tez rast gəlmək olar. Bu günlərdə polşalı turistlər burada olublar.

Qoruğun direktoru Zahir Kərimov bildirib ki, qonaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlərdən bəhs edilib.

Polşalı turistlər Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də tanış olublar. Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib.