Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzi və “Murad” Əlillər İctimai Birliyi “Sənətinlə tanın” adlı yeni layihəyə başlayıb. Rayonun Çuxanlı kənd Folklor klubunda layihənin təqdimatı keçirilib.
Layihə çərçivəsində fiziki imkanları məhdud olan uşaq və gənclərin əl işlərindən ibarət sərgi açılıb.
Layihənin təqdimatında Milli Məclisin deputatı Jalə Əhmədova, Biləsuvar RMİ-nin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov, “Murad” İB-nin təsisçisi Rəsmiyyə Səmədova, Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Kürçaylı Məmmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, sərgilənən hər bir əl işi fiziki məhdudiyyətli uşaq və gənclərin daxili dünyasının zənginliyini, onların istedad və qabiliyyətlərini əks etdirir. Böyük maraqla qarşılanan sərgini gün ərzində şəhid ailələri, hərbçilər, mədəniyyət işçiləri, şəhər sakinləri və qonaqlar ziyarət ediblər.
Qeyd edək ki, satış-sərginin məqsədi əlil uşaqların cəmiyyətə inteqrasiyasına kömək göstərmək, onların əl işlərinin satışına dəstək olmaqdır.
“Sənətinlə tanın” layihəsi Salyan rayon Mədəniyyət Mərkəzinin bütün filiallarında həyata keçiriləcək.