BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin avqustun 15-16-da Cenevrə şəhərində keçirilən 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı olub.

Tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət təmsil edib.

Təqdimat zamanı ölkəmizin BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa önəm verdiyi, Azərbaycanın multietnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

Elnur Məmmədov qeyd edib ki, Ermənistanın etnik təmizləmə apararaq Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması Konvensiyanın həyata keçirilməsinə əsas maneə olub. Nazir müavini Vətən müharibəsində qazanılmış Zəfərlə münaqişəyə son qoyulduqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıtması və həmin ərazilərdə multietnik icmaların bərpa olunması üçün Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verib, bu ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinin bu istiqamətdə prioritet vəzifələrdən olduğunu bildirib.

Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.