Xəbər verdiyimiz kimi, 21-24 avqust tarixlərində Sankt-Peterburqda “Lendok” kinostudiyasının (Sankt-Peterburq Sənədli Filmlər Studiyası – keçmiş Leninqrad Kinoxronika Studiyası) 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Yubiley tədbirlərində ölkəmiz də təmsil olunur. Bu barədə “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib.

Yubiley tədbirləri çərçivəsində MDB ölkələrinin III “Lendoc” Beynəlxalq Bədii və Sənədli Filmlər Festivalı, həmçinin beynəlxalq konfrans təşkil edilib.

Proqramda postsovet ölkələrinin “qızıl kolleksiyası”ndan ekran əsərləri, o cümlədən “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “İstintaq” bədii filmi (1979, rejissor Rasim Ocaqov) nümayiş olunacaq.

“Azərbaycanfilm”in direktoru Nazim Hüseynov isə festivalın “Onlayn platformalar üçün seriallar” kateqoriyası üzrə jürisində yer alıb.

Avqustun 22-də Lendok kinostudiyasında ilk dəfə olaraq MDB ölkələrinin kino layihələrinin pitçinqi keçiriləcək. Tədbirin moderatoru Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının katibi, MovieStart Prodüser Mərkəzinin baş direktoru Dmitri Yakunin olacaq. Bunlarla yanaşı, Rusiya və qonşu ölkələrdən rejissorların, prodüserlərin və digər peşəkarların iştirakı ilə ustad dərsləri də nəzərdə tutulub.

Lalə