Avqustun 21-də Macarıstanın paytaxtı Budapeştdə Gül Baba türbəsində keçirilən mərasimlə “Dunaydan Orxona İpək Yolu rallisi” avtomobil yürüşünə start verilib. Postsovet məkanında türk respublikalarının müstəqilliyinin 30 illiyinə həsr olunan və təxminən 9100 kilometrlik marşrutu əhatə edən İpək Yolu rallisinə 5 ölkədən 15 avtomobil qatılıb.

Layihə Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Bursa Böyükşəhər Bələdiyyəsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, “Doğu-Batı Dostluq və Barış Rallisi Dərnəyi” və müxtəlif təşkilatların əməkdaşlığı çərçivəsində reallaşır.

Ralli Dunay çayından sonra Serbiya üzərindən Balkanlar turunu tamamlayaraq Bolqarıstana, oradan Türkiyəyə keçib.

İştirakçılar Türkiyəyə Ədirnədən daxil olublar və 23 avqustda İstanbulda start götürdükdən sonra 2022-ci ildə “Türk Dünyasının  Mədəniyyət Paytaxtı” olan Bursaya çatacaqlar. Yarış iştirakçıları daha sonra Əskişəhər, Ankara, Tokat, Ordu, Trabzon, Rizə və Artvinə gedəcəklər. İpək Yolu rallisi Türkiyədən sonra Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistana keçməklə Qırğızıstanda sona çatacaq.

Mədəniyyətlərarası ünsiyyəti təmin etmək, marşrut üzərindəki ölkələrin və şəhərlərin tarixi, mədəni, təbii və turistik gözəlliklərini tanıtmaq məqsədi daşıyan İpək Yolu rallisi “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursanın da tanıdılmasına əhəmiyyətli töhfə verəcək.

Xatırladaq ki, 2021-ci ildə hazırlıqları başlanan ralli pandemiya səbəbindən bu ilə saxlanılmışdı. İlkin marşrutda avtomobil karvanının Almaniyadan start götürərək Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan keçməklə Monqolustanda yerləşən qədim türk daş kitabələri – Orxon abidələri yanında yürüşü başa vurması nəzərdə tutulmuşdu.

Mehparə Sultanova
Ankara