Xəzərin sahilində yerləşən “Sea Breeze Resort” hotelində qızmar yay günlərinin konsertləri artıq ənənə halına çevrilib. Həmin məkanda növbəti belə konsert avqustun 21-də keçirilib.

Musiqi axşamı Rusiyada yaşayan tanınmış müğənni, bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarovun dəstəyi, “SoundPro” Media Group və “ZHARA Events”in təşkilatçılığı ilə gerçəkləşib.

Konsert proqramında Xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı, Azərbaycan Televiziyasının solisti Fuad Musayevin “BigBand” orkestri, müğənni Natəvan Cəbizadə iştirak ediblər.

Gecənin baş qəhrəmanı Eyyub Yaqubov olub. Ürəkdən gələn ifaları ilə tamaşaçıları sevindirən müğənninin nostalji mahnıları mehribanlığı, səmimiyyəti təbliğ edərək duyğulara müraciət edib. Konsert proqramına sənətkarın həm yeni bəstələri, həm də zamanın sınağından çıxmış hitləri – şanson və estrada mahnıları, doğma Bakı, dostluq və məhəbbət haqqında nəğmələr səslənib. Mahnıların əksəriyyətinin müəllifi tanınmış bəstəkar Elçin İmanovdur.

Xəzərin dalğalarının da şahidlik etdiyi gecə sənətçilərlə birgə mahnı oxuyan, rəqs edən tamaşaçıların alqışları altında keçib.

Lalə