XX əsrin əvvəllərindən etibarən Bakının mədəni mühiti təsviri sənətimizə bir çox istedadlı rəssam, heykəltəraş, dekorativ-tətbiqi sənət ustaları bəxş edib. Bu istedadları coşqun yaradıcılıq ruhu ilə sənətə sövq edən Azərbaycan paytaxtının qədim tarixi, mədəni irsi, bütün fəsillərdə özünəməxsus təbiəti, sahilində yerləşdiyi Xəzər, Abşeron bağları, İçərişəhər, onun məxsusi aurası və s. olub. Bu sənət ənənəsinə sadiq qalan rəssamlardan biri də Fuad Manafovdur.
Fuad Hənifə oğlu Manafov 30 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1984-1988-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində Faiq İbrahimov, Sabir Şıxlı kimi peşəkar rəssamlardan sənətin sirlərini öyrənib, eyni zamanda öz fərqli yaradıcılıq üslubunu tapıb. Kompozisiyaların çoxfiqurlu olması, dinamik tərzdə həlli, milli atributların zənginliyi, mülayim rəng koloriti onun dəst-xəttinə xas əlamətlərdir. Şaquli istiqamətdə pilləli təsvirləri miniatür üslubunda təqdim edən rəssam əsərlərinə şərti xarakterli ornamental-naxış elementləri də əlavə edir. Bu qəbildən olan təsvirlər arasında biz şəhərin memarlıq ansamblının şaquli yüksəlişini izləyirik.
Yaradıcılığı lirizmə və pozitiv simlərə köklənən rəssam tamaşaçını zamanın səyahətinə çıxarır, onu tarixlə üzləşdirir, köhnə ilə yeninin çalarlarını ortaya qoyaraq dövrlərin müqayisəsinə zəmin yaradır. Sənətkar fərqli rakurslardan, xüsusilə Bakının qədim qala divarları, İçərişəhərin dar küçələrini, bu küçələrdə gəzən sakinləri, eyvandan söhbətləşən qonşuları, məhəllələrdə futbol oyanayan uşaqları böyük ustalıqla realistik tərzdə təsvir edir. Real həyat hadisələrinə əsaslanan tematik tablolara nəzər yetirən tamaşaçı doğma Bakının retro aləminə qərq olur.
Xəzərin mənzərələri tablolarda qağayıların mavi dənizin suları üzərində süzməsi, günəşin qürubu, qayıqların ritmik düzülüşü qeyri-adi gözəlliyi ilə baxanları heyran edir. “Xəzərin sahilində” adlanan əsərində dəniz suyu və havanın rəngini də bənövşəyi çalarlara boyamış rəssam bu iki ayrı qütbü günəşin şüalarının suda əksi ilə bir-birindən ayırmağa müvəffəq olub.
Qədim şəhərin sakinlərinə gəlincə isə, onlar zəhmətkeş və şəndirlər. Uşaqların səs-küyünü eşitməmək, eyvanlardan söhbətləşən qadınların pıçıltısını duymamaq qeyri-mümkündür. Fuad Manafovun tabloları keçmişə qayıdıb həmin yerlərdə həmin anları yaşamaq istəyi yaradır. Bu qəbildən olan əsərlərdə köhnə Bakı və onun bədii ənənələri, müxtəlif yaşlı insanların obrazları ümumiləşdirilmiş və dəqiqliklə təsvir olunub.
70-80-ci illərə vizual səyahətdə həyətlərdə, parklarda gəzməyə can atan nadinc uşaqların, xəyallara dalan yaşlıların, keçmişin qızıl dumanında ötən günlərin Bakısı qarşımızda canlanır. Xəyallarımızın və böyük arzuların şəhəri... Uşaqlığın xoşbəxt günləri, yay tətilləri, bayramlar... Bütün bunlar Fuad Manafovun şahidi olduğu zamanın qızılı layları arasından süzülərək kətan üzərinə yansıyırr. “Sakit üfüqlərdə”, “Yatmış şəhər”, “Gilavar”, “Xəzri”, “Bakı vaxtilə”, “Unudulmuşlar”, “Səmt küləyi”, “Şərq nağılı”, “Aylı gecə”, “Xatirələr üzərindən uçuş”, “Küləklər şəhəri. Melanxoliya”, “Ovdan”, “Bakı incisi”, “Günəşə doğru” kimi əsərlərdəki detallar zərgər dəqiqliyi ilə təsvir olunmuş şəhərin ruhunun estetik vəsfidir. Bu əsərlərdə rəssam tamaşaçının nəzərini hansı nöqtələrə tuşlayacağını bilir.
İşıq-kölgə effektləri, rəng yaxmalarının nahamar vuruluşu bu əsərlərin fakturasının realistik tərzdə həll olunmasına gətirib çıxarır. Əksər tablolarında o, şəhərin mənzərəsini əsasən “quş baxışı” ilə təsvir edərək onun gözəlliyini, qədimliyini, dənizini, sakinlərini bir əsərdə tamaşaçının önünə çıxarmağa nail olur.
Fuad Manafov Abşeron bağlarını da sevə-sevə təsvir edir. Dənizin yaxınlığında salınan bu bağların özünəməxsus təbiəti var. Bakıətrafı kəndlərdə hökm sürən bu ab-hava sadə sakinləri, özünəməxsus ənənələri ilə hər kəsi bura istirahətə dəvət edirdi. Paytaxt sakinləri yay fəslində xüsusən bağlara üz tutur, bol meyvəli bağlarda şipşirin əncirləri, üzümləri nübar edir, nəhəng tut ağacının altında özlərinə köşk qurub, yayın cırhacır istisində Xəzər dənizinin sahilinə üz tuturdular. Fuad Manafovun tablolarında da bu səhnələr əks olunur. Demək olar ki, o zamanlar hər bağın olmazsa olmazı – alaçıqlar, çarhovuzlar, su quyuları, yayda yorğan-döşək salan, xalça-palaz yuyan gəlinlər bu əsərlərdə əsas fiqurlardır. Əfsanəvi şanapipik quşunu da bu bağların rəmzi hesab edə bilərik. Rəssamın “Bakı bağları”, “Yenə o bağ olaydı...”, “Qonşu məhəllə ilə oyun”, “Sonuncu pillə”, “Sübh şəfəqləri”, “Bakı kəndləri. Maştağa”, “Bakı bağları. Əncir dərənlər” əsərləri qədim torpağın, Abşeron motivlərinin real təsvirləri ilə səciyyəvidir.
Adət-ənənələrə bağlılıq, unudulmaqda olan bədii dəyərləri yaşatmaq istəyi Fuad Manafovu bu mövzuda silsilə əsərlər yaratmağa sövq edir. Bu qəbildən olan əsərlərin mövzusu xalqın şifahi poetik yaradıcılığını özündə birləşdirir.
Azərbaycanın qədim toy ənənələri bu günümüzdən çox fərqli idi. Dəvə karvanları ilə gəlin köçürmə adətini əks etdirən kompozisiyaların süjet xətti özündə milli adət-ənənələri ehtiva edir. Gəlinlərin kəcavədə aparılması, milli geyim nümunələri, çalğı alətləri, muğam ustalarının ifa edərkən təsviri emosional bədii ifadəsi ilə seçilir. Xalqın tarixinə, məişətinə biganə qalmayan rəssam “Karvan simfoniyası”, “Sarı gəlin”, “Köhnə Bakıda nişan mərasimi”, “Ən yaxın dostumun toyu”, “Nağıllar şəhəri”, “Xatirələr küçəsi”, “Sübh şəfəqləri”, “Qədim çövkən oyunu” tablolarında xalqın folklor ənənələrini məharətlə kətana köçürüb. O, həmçinin Bakı kəndlərində keçirilən toy-büsat adətlərini də təsvir edib. Bütün bu sadalanan detalları “Elimizə gəlin gəlir” əsəri ilə ümumiləşdirsək, deyə bilərik ki, toy adət-ənənəsi fonunda, qədim milli bayramımız olan Novruzu, milli geyimləri, çalğı alətlərini, qədimi lampaları, saxsı qabları da görə bilərik.
Xalqın tarixi, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun yaranmasına təsir edir. Fuad Manafovun elə bir əsəri yoxdur ki, orada milli ruh hiss olunmasın. Bu, rəssamın öz qayəsinə hörməti və sevgisi ilə bağlıdır. “Bakı narları”, “Şərq”, “Xınayaxdı”, “Oxu tar... Səni kim unudar?!”, “Yumurta döyüşdürənlər”, “Yeddi gözəl”, “Gün olar, bayram olar”, “Qavalla rəqs” kimi əsərlərdə Azərbaycanın Novruz bayramına xas adət-ənənələri, bayramın atributları, muğam ifa edən xanəndələr, milli geyimdə qızlar, çalğı alətləri ustalıqla kətana köçürülüb.
Fuad Manafovun ən çox məişət janrına müraciət etdiyini əminliklə deyə bilərik. Xalqın gündəlik həyat tərzi, keçmişi, bu günü və gələcəyi rəssamı daima maraqlandırır. O, tablolarında bu süjetləri təsvir etməklə bizə müqayisələr etməyə, hərtərəfli müşahidələr aparmağa imkan yaradır. Buna ən bəsit nümunə kimi qonşuluq münasibətini göstərə bilərik. Qonşuların vaxtilə nə qədər mehriban olduğunu “Mehriban qonşular”, “Bakı vaxtilə”, “Kişilərin söhbəti”, “Yenə o bağ olaydı...” və s. əsərlərində görmək mümkündür.
Azərbaycan xalqının məişət tarixində, həyat tərzində dəvələrin xüsusi yeri olub. Bu zəhmətkeş canlılardan uzaq məsafələri qət etmək, malların daşınması zamanı istifadə olunurdu, bir zamanlar dəvələrin köməyi ilə torpaqlar şumlanıb. Müasir Azərbaycan ərazisində ağ dəvəyə pərəstiş İslamdan əvvəlki dövrə - Zərdüştlük dövrünə gedib çıxır. “Əməl karvanı”, “Şərq”, “Saleh peyğəmbərin ağ dəvəsi”, “Karvan simfoniyası”, “Sahibsiz karvan”, “Bakıdan-Qarabağa”, “Ömür karvanı” kimi dəvə karvanlarının əks olunduğu əsərlərdə gah şaquli, gah da üfüqi xətt üzrə stilizə edilmiş miniatür ənənələrini izləyirik.
Batal janrına da müraciət edən Fuad Manafov “Hücum”, “Son döyüş”, “Cəməl döyüşü”, “Türklər”, “Çaldıran döyüşü” əsərlərində ayrı-ayrı dövrlərdə baş vermiş tarixi döyüş səhnələrini canlandırıb. Çoxfiqurlu və kəskin dinamik kompozisiyalı bu əsərlərdə əsasən qəhvəyi çalarlar üstünlük təşkil edir. Şübhəsiz ki, tarixi mövzuya, batal janrına müraciət rəssamın bu mürəkkəb janrlarda işləmək bacarığı ilə yanaşı, onun dünyagörüşünü, tarixi biliklərini də ortaya qoyur.
Səfəvi və Osmanlı orduları arasında 1514-cü ildə baş verən Çaldıran döyüşünə həsr olunmuş əsər qədim miniatürləri xatırladır. Amma əsərdə miniatür sənətinə xas şərtilik mövcud deyil, tablo kompozisiya dinamikası və təsvir obyektlərinin həcmli həlli ilə fərqlənir.
Vaxtilə hər birimizin köksündə dərin yara, həsrət izi qoyan Qarabağ mövzusu Fuad Manafovun da yaradıcılığında əksini tapmaya bilməzdi. Onu da qeyd edək ki, Fuad Manafov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətənə, onun tarixinə bağlı, adət-ənənələrinə sadiq, milli ruhla yoğurulmuş əsərlərin müəllifi uğrunda vuruşduğu torpağın gözəlliklərini də sevə-sevə tablolarında vəsf edib. “Qarabağnamə”, “Şuşa –Qarabağ incisi”, “Ağdam – Qarabağ incisi”, “Qubadlıya aparan yol”, “Ağdama bahar gəlir”, “Şuşaya bahar gəlir”, “Xudafərin” və s. əsərləri rəssamın Qarabağ etüdləri silsiləsinə daxildir.
Milli adət-ənənələr, tarixi hadisələr, milli geyimlər, Bakının köhnə və müasir mənzərələri, “Qarabağ inciləri” silsiləsi, dini mövzular Fuad Manafovun çoxşaxəli yaradıcılığının mövzusu və fəlsəfəsidir. Rəssamın əsərləri Azərbaycan tarixi və ənənələrini vizual tərzdə tablolarda yaşadan xəzinədir desək, yanılmarıq.
Dürdanə Qurbanova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi