Talip Geylan: “30 Avqust Zəfəri türk millətinin azadlıq və istiqlal ideyasının ölməz abidəsidir”

 

Bu gün – 30 avqust Türkiyədə Zəfər bayramı qeyd olunur. Bu bayram Türkiyə tarixində Birinci Dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyətindən sonra işğalçı dövlətlər tərəfindən Türkiyə torpaqlarının bölüşdürülməsi planlarının qarşısının alınması – istiqlal və qurtuluş naminə savaşın qalibiyyətlə başa çatması ilə əlamətdardır. Böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları üzərində bugünkü Türkiyə Cümhuriyyətini qurmaq üçün böyük mücadilə və qurbanlar veriblər.

Mustafa Kamal paşanın komandanlığı ilə Qurtuluş savaşının 1921-ci ildə ilk qalibiyyətlə başa çatan Sakarya savaşı Türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 30 avqust 1922-ci ildə Türk ordusu işğalçı yunan qoşunları ilə Dumlupınar döyüşündə (Kütahya vilayəti) tarixi qələbə qazanıb. Bu qalibiyyət türk xalqının Qurtuluş savaşında həlledici rol oynayıb. 26 avqustda Afyonkarahisarda başlayan “Büyük Taarruz” (“Böyük Hücum”) 9 sentyabrda İzmirin azad edilməsi ilə başa çatıb.

Türkiyə Təhsil üzrə Azad Həmkarlar İttifaqının (Türk Eğitim-Sen) baş direktoru Talip Geylanın sözlərinə görə, Baş komandan Mustafa Kamalın “Böyük Hücum”u (Böyük Taarruz) 26 avqustda – tarixi Malazgirt zəfərinin (1071) ildönümündə başlaması heç də təsadüfi deyil: Bu iradə Sultan Alparslanın “Sizə elə bir vətən aldım ki, əbədi olaraq sizin olacaq” vəsiyyətini bir daha tarixə yazdı: “30 Avqust Zəfərinin 100-cü ildönümünü qəlbimiz çırpınaraq qeyd edirik. Sevindirici haldır ki, 100 il əvvəl torpağımızda doğulan günəş 100 il sonra da gözəlliyini itirmədən parlayır. Mustafa Kamal Atatürkün söylədiyi kimi: “Hər mərhələdə düşünülmüş, hazırlanmış, idarə olunan və qələbə ilə yekunlaşan bu əməliyyat Türk ordusunun, zabitlərinin və komandanlıq heyətinin yüksək qüdrətini, qəhrəmanlığını bir daha tarixə salan möhtəşəm bir əsərdir”. Bu əsər türk millətinin azadlıq və istiqlal ideyasının ölməz abidəsidir”.

T.Geylan bildirib ki, 1922-ci il 30 avqust Zəfərindən bəri son 100 ildə bu coğrafiyada hökmranlıq mübarizəsi davam edir: “Coğrafiyamız üzərində hakimiyyət mübarizəsi tam sürətlə davam edir. Əsrlər boyu qlobal yanaşmanın məqsədi türk suverenliyinə son qoymaqdır. Məhz bu məqamda ləyaqətli həyatdan heç vaxt vaz keçməyən türk milləti dövlətə sədaqəti ilə hər cür hücuma qarşı istiqlalını qurban vermədən, idealları ətrafında birləşərək tarix səhnəsindədir və əbədi olaraq belə olacaq!

Cümhuriyyətimizə ehtiram olan 30 Avqust Zəfərinin 100 illiyində, başda Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk və silahdaşları olmaqla, vətənimiz üçün canlarını fəda edən bütün şəhidlərimizi minnət və rəhmətlə yad edirik. Məzlum xalqlara ümid çırağı olan 30 Avqust Zəfərimiz mübarək!

Qeyd edək ki, Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ildə elan olunub.

Mehparə Sultanova
Ankara