Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyanın mühüm bir istiqaməti də Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsidir. Son illərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar yaradılıb.

Səbail rayonunda salınan Çəmbərəkənd parkı da onlardan biridir. Park bu il iyunun 8-də Prezidentin iştirakı ilə istifadəyə verilib.

Biz də bu günlərdə fotoqrafımızla birlikdə Çəmbərəkənd parkında yaradılan şəraitlə tanış olduq.

Öncə qeyd edək ki, tarixi mənbələrdə Çəmbərəkənd yaşayış məkanının XIX əsrin 40-cı illərində salındığı bildirilir. Məkanın adı “çəmbərə” – dairə, əyri, qövs, halqa və “kənd” komponentlərindən düzəlib, “dairəvarı, qövsvarı kənd” mənasındadır. Yaşayış massivi, həqiqətən də, ətrafa nəzərən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşir.

“Bakı kəndləri (ensiklopedik lüğət)” kitabında qeyd olunur ki, Çəmbərəkənd Bakıda məşhur ərazi olub. İndiki Nazirlər Kabineti binasının yaxınlığından Şəhidlər xiyabanına qədər ərazini əhatə edib. Ərazinin adı burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə əlaqədar yaranıb. Çəmbərəkənddə eyni zamanda müxtəlif qoşqu arabaları, fayton da düzəldilib, sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul olub.

***

Düzü, parka gəlməzdən əvvəl düşünürdüm ki, görəsən, saat 17 radələrində burada istirahət edənlərə rast gələcəyikmi? Çünki sentyabra sayılı günlər qalsa da, havalar çox isti keçir... Lakin parka daxil olduqda xeyli insan gördük. Uşaqlar oyun oynayır, gənclər dostları ilə söhbət edir, böyüklər isə öz ailələri ilə gözəl vaxt keçirirdilər.

Əraziyə illər öncədən bələd olduğum üçün buradakı yeni mənzərə heyrət doğurur.

Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda geniş yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin rahat istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları, söhbətgahlar, köşklər quraşdırılıb. Onu da qeyd edək ki, parkdakı uşaq əyləncə qurğuları, oturacaqlar təbii ağacdan hazırlanıb. Beləliklə, parkda ərazinin adı ilə yanaşı, görkəmində də tarixilik qorunub saxlanılıb.

Ərazisi 4 hektar olan parkda geniş yaşıllıq sahəsi – qazon döşənib, müxtəlif növ ağac, kol və gül əkilib. Yaradılan yaşıl sağlamlıq və təbiətin həyat rəngidir. Həyatımızdan onlarla rəng gəlib keçir, lakin insan övladının yaşıl rəngə olan ehtiyacı bitib-tükənmək bilmir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhval-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Çəmbərəkənd parkında da gül bülbülü, bülbül gülü çağırır.

***

Parkda olarkən bəzi sakinlərdən yaradılan şəraitlə bağlı fikirlərini öyrəndik. Sakinlər vaxtilə baxımsız, istifadəsiz qalan bu ərazidə qısa müddətdə belə gözəl parkın yaradılmasına görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etdilər.

Parkda xarici turistlərə də rast gəldik. Yeni salınmış park onların da çox xoşuna gəlmişdi. Qonaqlar şəhər mənzərəli terrasda həm paytaxtımızın gözəlliyini seyr edir, həm də xatirə şəkilləri çəkdirərək bu gözəlliyi telefon və foto-aparatlarının yaddaşlarına köçürürdülər.

Heç şübhəsiz, yaşıllıqla yanaşı ərazidə salınmış körpü də parka xüsusi gözəllik verir. Pillələrlə körpünün üzərinə qalxmağa çalışan balaca qızcığaz diqqətimizi çəkir. Ayla adlı  balaca özünü çox xoşbəxt hiss edir. Onun anası Gülnarə Hüseynova ilə həmsöhbət oluruq. Gülnarə xanım Bakının Yasamal rayonunda yaşayır: “Parkda istirahət üçün hər bir şərait yaradılıb. Xüsusilə ailəvi istirahət üçün ayrıca oturacaqlar qoyulub. Bu, çox gözəl addımdır. Parkın yaradılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.

Həmsöhbətimizlə sağollaşıb parkda balacalar üçün ayrılmış meydançaya gəlirik. Meydançada, sözün əsl mənasında, iynə atsan yerə düşməz. Uşaqlar müxtəlif attraksionlarda əylənməkdən yorulmurlar. Meydança ərazisində valideynlərin də istirahəti üçün oturacaqlar qoyulub. Burada iaşə obyekti də fəaliyyət göstərir. Obyektin işçisi Əli Hüseynov bildirir ki, parkda istirahət edən insanlara dondurma, popkorn, müxtəlif növ yeməklər və sərin sular təklif olunur.

Parka üz tutanlar arasında gənclər çoxluq təşkil edir. Onlar burada dostları ilə söhbətləşir, şəhərin gözəl mənzərəsini və Xəzəri seyr edirlər. Sadiq Abdullayev tələbədir, Xırdalan şəhərində yaşayır. O, vətəndən uzaqda – Polşada təhsil alır. Yay tətilinin son günlərində parka gələrək dostları ilə vaxt keçirir: “İlk dəfədir ki, buraya gəlirəm. Çəmbərəkənd parkı çox xoşuma gəldi. Arzu edirəm ki, ölkəmizdə belə gözəl parkların sayı daha da artsın, insanlar da gəlib asudə vaxtlarını xoş keçirsinlər...”.

Yaşıllıqla əhatə olunmuş parkdan xoş əhval-ruhiyyə ilə ayrılırıq. Asudə vaxtlarınızı səmərəli keçirib, şəhərə açılan gözəl mənzərəni seyr edərək Bakının sehrinə düşmək istəyirsinizsə, Çəmbərəkənd parkı sizləri də gözləyir...

Nurəddin Məmmədli