Zamanın səhifələrində qalan olaylar, faktlar...
239 il əvvəl...
3 sentyabr 1783-cü ildə Amerika Birləşmiş Ştatlarının müstəqillik müharibəsi başa çatıb. Parisdə Britaniya və ABŞ nümayəndələri arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Britaniya Şimali Amerikadakı keçmiş müstəmləkələrinin (13 ştat) müstəqilliyini rəsmən tanıyıb. Bunun ardınca Amerikada müstəmləkələri olan Fransa, İspaniya və Niderland da analoji addımı atıblar.
218 il əvvəl...
4 sentyabr 1804-cü ildə İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artaşat qəsəbəsi) yaxınlığında Rusiya-İran müharibəsinin (1804-1813) növbəti döyüşü olub. Ruslar məğlub olaraq geri çəkiliblər. Bundan öncə Üçmüədzin döyüşündə (27 iyul) də İran qoşunları qalib gəlmişdi. Bununla belə, Rusiya 1805-ci ildə müharibədə üstünlüyü ələ keçirdi, Şəki və Qarabağ xanlıqlarını özünə birləşdirdi.
193 il əvvəl...
2 sentyabr 1829-cu ildə Rusiya-Osmanlı müharibəsinin (1828-1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb. Osmanlı dövləti Ahalsıx bölgəsinin (indiki Gürcüstanın Samtsxe-Cavaxeti regionu) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Tiflis, İrəvan və Naxçıvanda da yerləşdirildi.
103 il əvvəl...
1 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin – Bakı Dövlət Universitetinin yaradılması barədə qərar qəbul edib.
83 il əvvəl...
1 sentyabr 1939-cu ildə faşist Almaniyası Polşaya hücum edib, İkinci Dünya müharibəsi başlayıb. Sentyabrın 3-də Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 70-dən çox ölkənin faktiki iştirak etdiyi və 6 il sürən müharibədə ümumilikdə 62 milyon insan həlak oldu.
77 il əvvəl...
2 sentyabr 1945-ci ildə Yaponiyanın SSRİ və ABŞ qarşısında kapitulyasiyasından sonra İkinci Dünya müharibəsi rəsmən başa çatıb. ABŞ-ın “Missuri” gəmisində imzalanan kapitulyasiya haqqında aktına əsasən, Yaponiyanın işğalı altında olmuş Koreya yarımadası 38-ci paralel üzrə ABŞ (cənub) və SSRİ (şimal) arasında bölünüb. Mançuriya Çinə, Kuril adaları SSRİ-yə verilib. ABŞ Yaponiya ərazisində hərbi baza saxlamaq hüququ əldə edib.
73 il əvvəl...
1 sentyabr 1949-cu ildə Sovet İttifaqında (o cümlədən Azərbaycan SSR-də) icbari 7 illik təhsilə keçid başlayıb. Sovet hökuməti 1931-ci ildə icbari ibtidai təhsil (3 illik) barədə qərar qəbul etmişdi. 1959-cu ildə icbari 8 illik təhsilə (natamam orta), 1966-cı ildə icbari 10 illik təhsilə (tam orta) keçid təmin olundu.
51 il əvvəl...
3 sentyabr 1971-ci ildə Qətər müstəqilliyini elan edib. XVI əsrdən 1916-cı ilədək Osmanlı imperiyasının tərkibində olan Qətər daha sonra Britaniyanın protektoratlığına keçmişdi.
50 il əvvəl...
5 sentyabr 1972-ci ildə Münxendə (AFR) keçirilən Yay Olimpiadasında fələstinlilərin “Qara sentyabr” təşkilatı İsrail idmançılarına qarşı terror aktı həyata keçirib. 2 idmançını öldürüb, 9 nəfəri girov götürən terrorçular ertəsi gün (almanların uğursuz xilasetmə əməliyyatı zamanı) girovların hamısını güllələyiblər. Atışmada 5 terrorçu öldürülüb, 3-ü həbs olunub.
31 il əvvəl...
3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında təşkilati məsələyə baxılıb. Deputatların yekdil qərarı ilə xalq deputatı Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilib. Heydər Əliyev 1993-cü ilin iyununadək muxtar respublikaya rəhbərlik etdi.
30 il əvvəl...
1 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlər qurulub.
29 il əvvəl...
31 avqust 1993-cü ildə Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunun mərkəzini və bir sıra kəndlərini işğal ediblər. Sonrakı günlərdə rayonun bütün ərazisi (802 kv km) işğal olundu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qubadlı şəhəri (26 oktyabr) və rayonun 90-dan çox kəndi işğaldan azad edildi.
Hazırladı: V.Orxan