Xındı Məmməd həm də “Borçalı bülbülü” kimi tanınıb

 

Borçalı aşıq mühiti tarixən bu sənətin inkişafı və şəkillənməsində mühüm rol oynayıb. Azərbaycanın bu qədim elinin yetişdirdiyi neçə-neçə sənətkar Qorqud yadigarının gələcək nəsillərə ötürülməsində böyük xidmətlər göstəriblər. Dolğun yaradıcılıq fəaliyyəti ilə dəyərli poetik nümunələr yaradan belə görkəmli sənətkarlardan biri Aşıq Xındı Məmməd olub.

Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə Borçalı, indiki Marneuli rayonunun Qaş Muğanlı (Böyük Muğanlı) kəndində dünyaya göz açıb. O, gənc ikən ailəyə bədbəxtlik üz verir. Gülabı kişi vaxtsız dünyasını dəyişir. Məmməd dayısı Hüseyn Qocanın himayəsində qalır. O, erkən çağlardan iti zəkası, dərin düşüncəsi və məlahətli səsi ilə tay-tuşlarından fərqlənir. Bədahətən şeirlər qoşur, el şənliklərində, toy-düyündə ona da söz verilir. Dayısı Məmmədin bu fərasətindən çox məmnun qalır. Günlərin bir günü dayısı Məmmədlə birlikdə elin hörmətli aşıq-şairi Qaçaqanlı Ağacanın yanına gedir. Bacısı oğlu haqqında ona məlumat verir, aşıq sənətinə marağı olduğunu deyir. Aşıq Ağacan onu ayaqüstü sorğu-sual edir. Yaddaşını, musiqi duyumunu yoxlayır və razı qalır. Məmməd bir müddət Aşıq Ağacanın yanında qalır. Ondan sənətin sirlərini öyrənir. Sonra ustadından rüsxət alır və geri dönür.

Borçalı mahalının yaxın-uzaq kəndlərində el şənliklərinin yaraşığı və xalqın sevimlisinə çevrilən Məmməd bir gün dövrün məşhur aşığı Bəyazidli Aşıq Məsimlə qarşılaşır. Bu onun yaxşı ifaçı kimi formalaşmasına təsir göstərir. Məmmədin də şaqraq və məlahətli səsi, bədahətən şeirlər deməsi Aşıq Məsimdə dərin təəssürat doğurur. İllər bir-birini əvəz etdikcə Aşıq Məmməd Borçalı elinin ustad aşığı səviyyəsinə yüksəlir, “Xındı Məmməd” təxəllüsü ilə şeirlər də qələmə alır.

Xındı Məmməd istər haqdan imdadı,
Çağırır dadına o min bir adı,
Borçalının bəlli olan ustadı,
Şair Nəbi, Ağacanı neylədin?

Çox keçmir Aşıq Xındı Məmməd sənətinin şöhrəti Borçalı elinin hüdudlarını aşır. Səsində, avazında Kərəm yanğısı, Koroğlu nərəsi-zənguləsi çağlayan Xındı Məmməd “Yurd yeri”, “Mənsuri”, “Yanıq Kərəmi”, “Zarıncı”, “Bəhməni” kimi incə havalarla yanaşı, “Misri”, “Cəngi” kimi ağır aşıq havalarının da gözəl ifaçısı olaraq tanınır.

Araşdırmalarda qeyd edilir ki, maraqlı yaradıcılıq yolu keçən Xındı Məmməd divani, təcnis, gəraylı və müxəmməs kimi şeir formalarında maraqlı nümunələr ərsəyə gətirib.

Mən eşqdən abdal olub,
Düşdüm dildən-dillərə.
Xındı Məmməd Məcnun kimi,
Saldın çöldən-çöllərə.

Əsərlərində gənclik illərindən ağır çətinliklərlə qarşılaşdığı, daha doğrusu, sınaqlara çəkildiyi, yaxşıların yerini namərdlərin tutmasından bəhs edib. Onun şeirlərində elə-obaya, dost-tanışa dərin məhəbbət aşılanır, dostluq, insanlıq geniş tərənnüm edilir:

Nəzər qıldım tənəzzülün işinə,
Mərd yerini namərd aldı, ay hayıf.
Mən aşığam, ay hayıf,
Kimlər oldu, ay hayıf,
Getdi daha qalmadı,
Qədir bilən, ay hayıf.
Qədir bilən, şirin gülən dostları,
Fələk vurub ayrı saldı, ay hayıf...

Görkəmli sənətkarın zəngin irsindən günümüzə 200-dən çox şeiri gəlib çatıb. Mənbələrdə onun dövrünün tanınmış el sənətkarları, şairlər – Aşıq Ağacan, şair Nəbi, Aşıq Məsim, Aşıq Təhləli Novruz və başqaları ilə şeir şəklində məktublaşdığı bildirilir.

30-cu illərin Stalin repressiyaları zamanı Azərbaycanda olduğu kimi, Gürcüstanda da milli təəssübkeş sənət adamları haqsız təqib və təhdid edilir. “Borçalı bülbülü” kimi tanınan Aşıq Xındı Məmməd bir daha çətin sınaqlara çəkilir. O, 1930-cu ildə pantürkizmdə ittiham edilərək həbs olunur. Bir müddət Tiflis şəhərindəki Metex qalasında saxlanılır. Xeyli araşdırma və yoxlamalardan sonra günahsız olduğu təsdiqlənir və həbsdən buraxılır. Aşıq azadlığa çıxandan sonra yazır:

Köklü bir qayanı, atalar demiş,
Qaldırıb yerindən yel ata bilməz.
Layiq bilib sığışdırmaz adına,
Namərd kölgəsində mərd yata bilməz.

II Dünya müharibəsi başlayanda onu da digər həmyaşıdları kimi səfərbərliyə alırlar. Cəbhəyə yola düşməmişdən əvvəl sədəfli sazını “Cəngi” havası üstündə kökləyib divardan asır... Gün gəlir müharibə başa çatır. Sağ-salamat evə dönən Xındı Məmməd sevdiyi sənətini davam etdirir, doğma elində çoxsaylı şəyird yetişdirir. Onlardan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları ustad sənətkardan dərs alıblar. 

Xındı Məmmədin şəyirdləri arasında oğlu Gülabının da adı var. Xalq şairi Zəlimxan Yaqub “Meydanda mərdi-mərdanə” kitabının ön sözündə yazır: “Xatirələrdən daha canlı, daha təravətli üç yadigarı da var Xındı Məmmədin. Onun radionun “Qızıl fond”unda qorunub saxlanılan lent yazıları, aşıqlarımızın dilindən düşməyən şeirləri və yolunu çox böyük ləyaqətlə davam etdirən Aşıq Gülabı kimi bir sənətkarın varlığı. Hər üç müqəddəs nemət Xındı Məmmədin şəxsiyyət və sənətkar xoşbəxtliyidir”.

Ustadın böyük oğlu fizika-riyaziyyat elmləri doktoru, professor Lətif müəllim atası ilə bağlı xatirələrində yazır: “Atam Şərq, ərəb, türk və xüsusilə İslam tarixini mükəmməl bilirdi. Çox yaxşı yadımdadır, o, məşhur ərəb tarixçisi Təbərinin “Hökmdarlar və peyğəmbərlər tarixi”, həmçinin İsgəndər bəy Münşi-Türkmanın “Şah Abbasın tarixi” əsərlərindən çoxlu sayda epizodlar danışardı”.

Aşıq şeirinin müxtəlif janrlarında dəyərli sənət nümunələri yaradan, ustad aşıq kimi yaddaşlarda, xatirələrdə yaşayan Xındı Məmməd 28 avqust 1968-ci ildə vəfat edib, doğulduğu kənddə dəfn olunub.

Savalan Fərəcov