Avqustun 26-sı “Azərbaycan muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü” kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir.
Əlamətdar gün münasibətilə Bərdə RMİ Yevlax şəhər Yaradıcılıq evində “Daş ürəklərdə yanıb daşları sındırdı muğam” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən RMİ-nin rəisi Vəsilə Möhsümova milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan muğamlarımızdan, bu sənət incilərinin qorunması, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Daha sonra gənc musiqiçilərin ifasında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, tanınmış Azərbaycan şairlərinin yaradıcılığından nümunələr söylənilib.
***
Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanası “Muğam aləmi” adlı kitab sərgisi təşkil edib. Sərgidə muğam sənətinin inkişafına töhfə verən görkəmli xanəndələrin audiovizual nəşrləri, kitablar və dövri mətbuat materialları nümayiş olunub.
MKS-nin 19 saylı kitabxana filialı tərəfindən isə “Milli sərvətimiz – muğam” adlı tədbir keçirilib. Tədbirdə 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva çıxış edərək muğam sənətinin tarixindən və zənginliklərindən danışıb.
Nurəddin