Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində mədəniyyət paytaxtımızda yaradıcı insanların iştirakı ilə “Şuşa – yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib. Layihədə iştirak edən bəstəkar, rəssam, yazıçı və fotoqraflar qala-şəhərimizlə bağlı fikirlərini bölüşdülər.

 

Xalq artisti, bəstəkar Sərdar Fərəcov:

– Artıq neçənci dəfədir Şuşada oluram. Hər dəfə gələndə yeni fikirlər və təəssüratlar bizi özünə bürüyür. Lakin bugünkü səfər xüsusi əhəmiyyət daşıyır. Bu gün Şuşa mədəniyyətini yaradan şəxsiyyətləri bir daha yad etdik. Bu görüş bizim ruhani görüşümüzdür. Hazırda Üzeyir bəy, Natəvan, Bülbülün güllələnmiş büstlərinin qarşısındayıq. Bu şəxsiyyətlə xalqımızın mədəniyyətinin ən gözəl səhifələrini yaradan sənətkarlardır. Onların nigaran ruhlarının dolaşdığı doğma yurdlar uzun illər bizim üçün əlçatmaz idi. Artıq biz arzumuza qovuşmuşuq. Mənə elə gəlir ki, həyatımızın ən mənalı günü olan bu gündən doğan yeni fikirlər gələcəkdə möhtəşəm sənət nümunələrinin yaranmasına səbəb olacaq. Burada bütün yaradıcı insanları ülvi bir məhəbbət birləşdirir...


Türkiyəli bloger Kerem Gök:

– “Youtube” üzərindən 650 mindən artıq izləyicim var. Onlara yaxın tarixdən məlumatlar verirəm. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi də yaxın tarixin ən mühüm hadisələrindən biridir. Türklər üçün Şuşanın əhəmiyyəti olduqca böyükdür. Şuşa 28 ildən sonra Azərbaycan Ordusu tərəfindən azad edilən qəhrəman bir şəhərdir. Bu şəhər tarix boyu Türk dünyası üçün bir mədəniyyət ocağı olub. Bu torpaqları görmək insana böyük sevinc bəxş edir. Mən izləyicilərimə Şuşanın tarixini göstərməyə çalışacağam. Çünki 28 ildən sonra azadlığına qovuşan Şuşa hamı üçün sirli bir məkandır. Artıq bu gün bu ərazidə nələr yaşanır və hansı işlərin görülməsi insanlar üçün çox maraqlıdır.


Musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə:

– Şuşanın landşaftının özü bir ilham mənbəyidir. İnanıram ki, səfərdən sonra Bakıya dönən sənət adamları, həmkarlarım yeni töhfələrlə bizi sevindirəcəklər. Biz də burada aldığımız təəssüratdan doğan əsərləri eşidərkən yenidən yaşayacağıq.


Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova:

– Layihə sənət adamlarının yaradıcılıq imkanlarının üzə çıxarılması baxımından son dərəcə əhəmiyyətlidir. Biz sənət adamları Vətənə həsr olunmuş əsərlər yaradaraq gələcək nəsillərə çatdırmağı hər zaman qarşımıza missiya kimi qoyuruq. Bu baxımdan Mədəniyyət Nazirliyinin yeni layihəsi yaradıcı ideyalarımızı həyata keçirmək baxımından böyük əhəmiyyət kəsb edir. Əminəm ki, iştirakçılar layihənin nəticəsi olaraq yeni, dəyərli sənət əsərləri ərsəyə gətirəcəklər.


Yazıçı, dramaturq İsmayıl İman:

– Bu, Şuşaya üçüncü gəlişimdir. Hər gəlişimdə burada dəyişikliklər görürəm. Bərpa işləri gedir, şəhər canlanır, həyat bura qayıdır. Şuşa Azərbaycanın ürəyidir. Nazirliyin bu layihəsi yaxşı təşəbbüsdür. Onlar bu yaradıcı layihə çərçivəsində mədəniyyət və incəsənət nümayəndələrinə bu təsvirolunmaz atmosferə qərq olmaq imkanı yaratdılar.


Rəssam, ebru ustası Sevinc Əliyeva:

– Qarabağa, Şuşaya gəlməyə mənəvi olaraq hazır deyildim. Şuşa hər bir azərbaycanlı kimi mənim üçün də müqəddəsdir. Bu gün həm sevinir, həm də kövrəlirəm. 30 il düşmən əlində dağıdılan şəhərləri görəndə ürəyim parçalanır. Bu gün dövlətimiz tərəfindən abadlaşan torpaqlara baxanda isə fərəh hissi keçirirəm. Bir sənətçi olaraq mən Şuşada yaşadığım duyğuları suyun üzərində ebru sənətində torpaq boyaları ilə ifadə etməyə çalışacağam. Mədəniyyət Nazirliyinə layihənin təşkilinə görə təşəkkür edirəm. Layihənin yaradıcılığıma böyük təsiri olacağına inanıram.


Taxta üzərində oyma ustası Tofiq Əliyev:

– Layihə müxtəlif sahənin insanlarını bir araya gətirib. Hər biri öz sahəsi üzrə fərqli duyğu və düşüncələr yaşayır. İnanıram ki, bu səfər və duyğular Qələbə, Şuşa mövzusunda maraqlı nümunələrin ərsəyə gəlməsinə səbəb olacaq.


Sonda onu da qeyd etmək istərdim ki, gənc nəslin nümayəndələrinin də iştirak etdiyi bu layihədə Şuşanı gəzərkən hər kəsin öz fikri, özünəməxsus yanaşması səslənirdi dillərdə. Bəziləri bu duyğuları dilə gətirsələr də, bəziləri, sadəcə, öz daxili düşüncələri ilə şəhəri qarış-qarış gəzirdi. Məsələn, Xalq artisti, tanınmış cazmen və bəstəkar Salman Qəmbərov fikirlərini dilə gətirməsə də, öz sosial şəbəkə hesablarında Şuşadan görüntüləri paylaşıb...

Lalə