Kürdəmir RMİ-nin Füzuli rayon nümayəndəliyinin dəstəyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə Horadiz şəhərindəki Muğam Mərkəzində dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) anadan olmasının 100 illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə çıxış edən Füzuli rayon mədəniyyət müəssisələrinin əməkdaşları bəstəkarın çoxşaxəli yaradıcılığından ətraflı söhbət açıblar. Daha sonra rayon incəsənət ustalarının ifasında bəstəkarın musiqiləri səsləndirilib.

***

Ağdaş RMİ Zərdab rayon Həsən bəy Zərdabinin Ev-Muzeyində “Həsən bəy Zərdabi – qürur mənbəyimiz” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Vəfa Bayramova qeyd edib ki, böyük maarif və mətbuat fədaisi olan Həsən bəy özünün çoxsahəli fəaliyyəti, xalqının işıqlı sabahı, gələcəyi uğrunda apardığı mübarizəsi ilə tarixin yaddaşına əbədi olaraq həkk olunub.

***

Sumqayıt RMİ Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sülh istəyir” adlı rəsm sərgisi açılıb. Sərgidə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinə tabe olan C.Cabbarlı adına Mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin rəsmləri nümayiş etdirilib. Mədəniyyət evinin “Turan” rəqs qrupunun çıxışı ilə başlayan tədbirdə mədəniyyət müəssisəsinin solisti Amil Axundzadənin ifaları maraqla qarşılanıb.

***

Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov idarənin əhatə etdiyi Ağcabədi rayonunda yerləşən musiqi məktəblərinin kollektivləri ilə görüş keçirib. Görüşdə idarə rəisi yeni yanaşmalar və tələblər əsasında tədrisin daha da keyfiyyətli qurulması yönündə tapşırıqlarını məktəblərin müəllim və direktorlarına çatdırıb. Məktəblərdəki mövcud problem və çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilib.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzində musiqiçi, Əməkdar artist Həsənağa Sadıqovun (1950-2018) anım gecəsi keçirilib. Gecədə sənətkarın ailə üzvləri, dostları, mədəniyyət, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə Həsənağa Sadıqova həsr olunan videoçarx təqdim edilib, çəkildiyi klip nümayiş etdirilib.

***

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Bərdə, Tərtər, Yevlax rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

***

Gəncə RMİ Goranboy rayon Heydər Əliyev Mərkəzində Ballıqaya qətliamının 30-cu ildönümü münasibətilə "Qisası alınan Ballıqaya" adlı tədbir təşkil olunub. Bildirilib ki, 1992-ci ilin 28 avqust tarixində Goranboy rayonunun Ballıqaya kəndi ərazisində Laçının işğalı zamanı didərdin düşənlərin bir qrupunun məskunlaşdığı çadırlara hücum edən erməni terrorçuları 24 nəfər dinc sakini xüsusi amansızlıqla qətlə yetirib, 10-dək insanı yaralayıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində şanlı Ordumuz düşməni ağır məğlubiyyətə uğratmaqla şəhidlərimizin qisasını alıb, ərazi bütövlüyümüzü bərpa edib.
RMİ-nin əhatə etdiyi Samux rayon Mədəniyyət Mərkəzində "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərləri və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.

Hazırladı: Nurəddin Məmmədli